11:10 13-03-2018
news_image
3290
STOLÜSTÜ OYUNLAR

“Evləndikdən sonra reytinqim qalxdı” - Məmmədyarov

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “nargismagazine.az”a müsahibə verib. Apasport.az saytının məlumatına görə, hazırda Berlində iddiaçıların turnirində iştirak edən həmyerlimiz bir sıra maraqlı məqamlara toxunub.  

 

- Həyatınızda şahmat olmasaydı, özünüzü harda görərdiz?

- Yəqin ki, yaxşı maliyyə analitiki, bank mütəxəssisi və ya psixoloq ola bilərdim. Amma heç vaxt gələcəklə bağlı şahmatsız plan qurmamışam.

 

- Dünyanın ən yaxşı şahmatçıları siyahısında qadınlar yoxdu. Şahmat daha çox kişilərin oyunudu?

- Fiziki idman növlərindən danışmasaq, şahmatla məşğul olan xanımlarda iddialılıq çatışmır. Bu isə kişilərə xas xüsusiyyətdi.

 

- Daha çox kimlə şahmat oynamaq xoşunuza gəlir?

- Həmişə qalib gəldiklərimlə.

 

-  Deyirlər ki, yalnız güclü şahmatçı nədə zəif olduğunu bilir. Sizin gizlətmək istədiyiniz belə nöqtələr varmı?

- Gizlətmək yox, düzəltmək istədiyim cəhətlər var. Çalışıram ki, onlardan qurtulum.

 

- Əsas rəqibiniz kimdi?

- Yəqin ki, hazırkı dünya çempionu Maqnus Karlsen.

 

- Ailə, həyat yoldaşınızın dəstəyi sizin üçün nə dərəcədə vacibdi?

- Deyərdim ki, bu, qiymətsizdi. Məsələn, ailə həyatı qurandan sonra şahmatda reytinqim sürətlə yaxşılaşdı.  

 

- Adi gününüz necə keçir?

- Adətən səhər saat 10-da yuxudan dururam. Ailəmlə vaxt keçirirəm, şahmatla məşğul oluram. Axşamlar isə dostlarımla görüşürəm.

 

- Bəs şahmatdan necə yayınırsız?

- Futbola baxmağı, dostlarımla domino oynamağı xoşlayıram. Aktiv idman növlərindən stolüstü tennisi üstün tuturam.

 

- Şahmat həm də döyüş strategiyasıdı. Necə düşünürsüz, şahmatçı real həyatda da lider ola bilərmi?

- Məncə, ola bilər. Peşəkar şahmatçı özündə çox xüsusiyyəti cəmləşdirir. Menecerə məxsus olan keyfiyyətlər də onda var. Liderlik, daim rəqabətdə olmaq və digər xüsusiyyətləri nəzərdə tuturam.   

 

- Gülməyi xoşlayırsız. Bu sizə oyunlar zamanı kömək edirmi?

- Partiyaların gedişində gülmürəm. Çünki bu, lazımı qaydada köklənməyimə mane olur.

 

- Elə bir qələbə varmı ki, ondan sonra “Arzuladığım hər şeyə çatdım” deyəcəksiz?

- Həmişə can atdığın nəsə var. Hələ böyüklər arasında dünya çempionu olmamışam.