15:25 27-05-2008
news_image
534
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları AİBA prezidentinin şərəfinə təşkil olunan turnirdə ¼ finala yüksəlib

Bakı. Kənan Həsənov - APA-Sport. Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunun şərəfinə təşkil olunan beynəlxalq turnir davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə keçirilən yarışa qatılan Azərbaycan milli komandasının üç üzvündən ikisi növbəti mərhələyə adlayıb. Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədov (54 kq) birinci döyüşdə Luis Riçard Bruno Culiyə (Mavritaniya) 19:12 hesabı ilə qalib gələrək ¼ finala yüksəlib. Həmyerlimiz bu mərhələdə rusiyalı Zinat Zandibayevlə qarşılaşacaq. 69 kq çəki dərəcəsində Emil Məhərrəmovun kamerunlu Cozef Mulema ilə döyüşündə heç-heçə (10:10) qeydə alınsa da, hakimlər qələbəni həmyerlimizə verib. Boksçumuzun ¼ finaldakı rəqibi bu gün müəyyənləşəcək. Bundan öncə isə 64 kq çəki dərəcəsində rinqə çıxan Famil Süleymanov ilk döyüşdə yaponiyalı Kavaçi Masatsuqiyə 5:13 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, mayın 31-də başa çatacaq turnirdə 126 boksçu iştirak edir.