20:00 27-04-2018
news_image

“Məqsədim “gümüş”ü “qızıl”a çevirməkdi”

“İtaliyada dörd döyüş keçirdim. Avropa birinciliyi olduğundan bütün ölkələr güclü heyətlə gəlmişdi”. Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının saytına açıqlamasında yığmamızın üzvü Nicat Həsənov deyib.

 

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənclər arasında Avropa birinciliyində gümüş medala sahib olan boksçumuz çıxışını dəyərləndirib: “Çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Yığmamızın baş məşqçisi Vaqif Şirinova və şəxsi çalışdırıcım Rəhim Allahverdiyevə təşəkkürümü bildirirəm. Artıq gələcək yarışlara hazırlaşmalı, səhvlərimiz üzərində işləməliyik. Fikrimcə, finalda qalib mən olmalıydım. Ancaq hakimlər qərarı rusiyalı rəqibin xeyrinə verdilər”.

 

69 kq çəki dərəcəsində mübarizə aparan Həsənov gələcək planlarını da açıqlayıb: “Qarşıda dünya çempionatımız var. Məqsədim Avropa birinciliyindəki “gümüş”ü orda “qızıl”a çevirməkdi. İnanıram ki, bu yarış mənim üçün daha uğurlu olacaq”.