17:30 10-05-2018
news_image
3616
FUTBOL

DÇ-2018: İspaniya yığması - DOSYE

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 34 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı İspaniya yığması haqqındadı.

 

“Dünya çempionatında İspaniya ilə üz-üzə gəlmək istəmərəm” – deyir Lionel Messi. Yəqin ki, təsnifat mərhələsinin sonlarına doğru Messi ilə həmfikir olanların sayı birə-beş artdı. Əslində, əvvəllərdə DÇ-2014, Avro-2016-da baş verənlərdən sonra İspaniyanın qrupu məğlubiyyətsiz, zirvədə bitirməsini təxmin edənlərin sayı o qədər də çox deyildi. “Santyaqo Bernabeu”da İtaliya millisi üzərində hökmranlıq edərək qazanılan qələbə, sonda toplanılan 28 xal, vurulan 36 və buraxılan 3 qoldan sonra fikirlər tamamilə dəyişdi.

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2016-cı il, sentyabr

 

Lixtenşteyn üzərində qazanılan 8-0 hesablı qələbə əsas göstərici olmasa da, sözügedən matç Xulen Lopeteginin taktiki dəyişikliklərə gedəcəyinə dair ilk “siqnal”ı vermişdi.

 

2017-ci il, sentyabr

 

İskonun ön plana çıxdığı görüşdə italyanları 3 dəfə meydanın mərkəzinə dəvət edən İspaniya millisi qrupun taleyini həll edir.

 

2017-ci il, oktyabr

 

Kataloniyada keçirilən qanunsuz referendum fonunda ölkədə vəziyyət heç də ürəkaçan deyildi. Hadisələrin davamı olaraq Jerar Pikenin Las-Rosasda məşq edərkən fitə basılması referendumun yığmadan təsirsiz ötüşmədiyini göstərirdi. Buna rəğmən, komandadaxili problemlər ayın sonlarına doğru İsrail üzərində qazanılan minimal hesablı qələbəyə əngəl ola bilmədi.

 

Dünya çempionatına hazırlıq

 

İspaniya yığması mundiala hazırlıq məqsədilə 4 yoldaşlıq görüşü planlaşdırmışdı. Bu oyunlardan artıq ikisi geridə qalıb. Almaniya ilə heç-heçə edən ispanlar Argentinanı darmadağın etmişdilər – 6:1. “Matadorlar” iyunun 3-də İsveçrə, iyunun 9-da isə Tunislə qarşılaşacaqlar.

 

Dünya çempionatında

 

İspaniya millisi dünya çempionatında Portuqaliya, İran və Mərakşe yığmaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Lopeteginin yetirmələrinin ilk rəqibi son Avropa çempionu Portuqaliya ilə olacaq. İkinci görüşdə İspaniya İranla münasibətlərinə aydınlıq gətirəcək. Mərakeşlə keçiriləcək oyun “matadorlar” üçün qrup mərhələsində sonuncu olacaq.

 

Baş məşqçi

 

Xulen Lopetegi: 51 yaş (28.08.1966)

Visente del Boskenin ayrılmasının ardından 2016-cı ildə yığmanın başına keçən Lopetegi ilk rəsmi matçını Belçikaya qarşı keçirib. Oyun ispanların 2:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Xulen Lopeteginin rəhbərliyi altında 18 matçda meydana çıxan İspaniya yığması bu oyunların 13-də qələbə qazanıb, 5 görüş isə heç-heçə nəticələnib. 51 yaşlı mütəxəssis daha öncə İspaniya U-19 və U-21 millilərinin baş məşqçisi kimi Avropa çempionatlarının qalibi olub.

 

İspaniya

FİFA sıralaması: 8-ci yer

Dünya çempionatlarında iştirak sayı: 14 (1934, 1950, 1962, 1966, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 59 (29 qələbə, 12 heç-heçə, 18 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 92-66

Ən yaxşı nəticə: Çempionluq (2010)

Dünya çempionatlarında ən çox oyun keçirən ispaniyalı futbolçu: İker Kasilyas – 17 (2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında ən çox qol vuran ispaniyalı futbolçu: David Vilya – 9 qol (2006 (3), 2010 (5), 2014 (1) )

 

Dünya çempionatı

Qrup mərhələsi

B qrupu

15 iyun

23:00. Portuqaliya – İspaniya

“Fişt” stadionu, Soçi

 

20 iyun

23:00. İran – İspaniya

“Kazan Arena”, Kazan

 

25 iyun

23:00. İspaniya – Mərakeş

Kalininqrad stadionu, Kalininqrad

 

Təxmin olunan iştirak ərizəsi

Qapıçılar: David De Xea (“Mançester Yunayted”), Pepe Reyna (“Napoli”), Kepa Arrisabalaqa (“Atletik”).

 

Müdafiəçilər: Jordi Alba, Jerar Pike (hər ikisi “Barselona”), Markos Alonso, Sesar Azpilikueta (hər ikisi “Çelsi”), Dani Karvaxal, Naço, Serxio Ramos (hamısı “Real”), Alvaro Odriosola (“Real Sosyedad”).

 

Yarımmüdafiəçilər: Marko Asensio, İsko (hər ikisi “Real”), Serxio Buskets, Andres İnyesta (hər ikisi “Barselona”), Koke, Saul (hər ikisi “Atletiko”), David Silva (“Mançester Siti”), Tyaqo Alkantara (“Bavariya”).

 

Hücumçular: İaqo Aspas (“Selta”), Dieqo Kosta (“Atletiko”), Alvaro Morata (“Çelsi”), Lukas Vaskes (“Real”).