12:40 11-05-2018
news_image
4804
FUTBOL

“Xəzər” TPL tələblərinə cavab vermədi: "Kəpəz"i "Sabah" əvəzləyir?

AFFA-nın Lisenziya Komissiyasının iclasının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən qurumun İcraiyyə Komitəsinin iclasında lisenziyalaşdırma barədə məlumatlar dinlənilib və yekun qərarların sabah baş tutacaq yığıncaqda açıqlanması məqsədəuyğun sayılıb.

 

Komissiya avrokuboklarda və Topaz Premyer Liqasında (TPL) iştirak üçün klubların müraciətlərinə həmin iclasda cavab verəcək. Məhz bu qərar ölkə çempionatının 2018/19 mövsümündə yüksək liqada neçə komandanın mübarizə aparacağını müəyyənləşdirəcək.

 

Növbəti mövsümlə bağlı qeyri-müəyyənliyə də bu yığıncaq aydınlıq gətirməlidi. AFFA-nın İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra jurnalistlərin suallarını cavablandıran qurumun baş katibi Elxan Məmmədov bildirib ki, I divizionun yalnız bir komandası elitaya yüksəlmək şansına malikdi: “I divizionun 10 komandasından 8-i lisenziyalaşdırma ilə bağlı müraciət edib. Onlardan ikisinin sənədlərinin yarıdan çoxu qaydasındadı. Yalnız “Sabah” klubu lisenziyalaşdırma ilə bağlı bütün sənədləri komissiyaya təqdim edib. Bizim üçün sənədlər önəmlıidi. Premyer Liqada komanda deyil, klub görmək istəyirik”.

 

Yarışın çempionu “Xəzər”, həmçinin digər mükafatlara iddialılar isə TPL tələblərinə cavab vermir. Lakin yeni mövsümdə indiki kimi 8, yoxsa reqlamentə uyğun 10 komandanın oynaması ilə bağlı yekun qərar sabah veriləcək. Premyer Liqada sonuncu yeri tutan “Kəpəz”in yerini “Sabah”a verəcəyi də istisna olunmur.