10:27 29-05-2018
news_image
878
STOLÜSTÜ OYUNLAR

“Həkim azı 3 dəfə yanına gəlməli olduğumu dedi” - Şəhriyar Məmmədyarov

“Norveçə gəldiyim ilk gündə problemlərim yarandı. Hətta fikirləşirdim ki, evə də qayıdım”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

Həmyerlimiz Stavanqerdə “Altibox Norveç Chess” superturnirində iştirakı ilə bağlı qərarını dəyişməsinə aydınlıq gətirib. O, “chess.com”a bildirib ki, blitsdə dişi ağrıya-ağrıya mübarizə aparıb, 5-ci olduqdan sonra əsas yarışdan imtina etmək barədə fikirləşirmiş: “Dişim ağrıyırdı. Blits turnirindən öncə həkimə getdim. O da müayinə etdikdən sonra oynamamağı məsləhət gördü. Dişimdəki problemi konkret tibbi terminlə deyə bilməyəcəm. Yalnız bakteriya olduğu barədə məlumatlıyam. Həkim də azı 3 dəfə yanına gəlməli olduğumu dedi. İlk turda Maksim Vaşye-Laqravla oyundan öncə də ordaydım. Təxminən 2 saat vaxtım getdi. Sabah da (bu gün-red) müalicəni davam etdirməliyəm”.

 

Superturnirə heç-heçə ilə başlayan Məmmədyarov artıq ağrıların bir az azaldığını da qeyd edib: “Həkimin yanına getdikdən sonra ağrı bir qədər səngiyib. Bu səbəbdən də ilk turun gedişində güclü ağrılar hiss etmədim. Çətinlik olmasına baxmayaraq, turniri yaxşı keçirmək istəyirəm. Dərman kimi keyidicidən istifadə edirəm. Bu dərman da insana bir qədər yuxu verir, yorğunluq hiss edirsən”.

 

Həmyerlimizin sözlərinə görə, fransalı Maksim Vaşye-Laqravla görüşdə üstünlüyə malik olsa da, 25-ci gedişdə rəqibin heç-heçə təklifi ilə razılaşıb: “Turnirə ağrı ilə başlasam da, özümə inanıram. Vaşye-Laqravla qarşılaşmanın əvvəlində üstünlüyüm olsa da, sonradan heç-heçəyə razılaşdım. Fikrimcə, belə rəqiblə bu nəticə də normaldı”.

 

Qeyd edək ki, iyunun 8-də başa çatacaq yarışın II turunda Məmmədyarov Sergey Karyakinlə (Rusiya) qarşılaşacaq.