13:45 29-06-2018
news_image
3686
FUTBOL

Mundialdakı “sevilya”lılar “Neftçi”yə qarşı oynamayacaqlar

“Neftçi”nin Avropa Liqasının (AL) II təsnifat mərhələsindəki potensial rəqibi “Sevilya” problemlə üzləşib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əndəlüs təmsilçisi yeni mövsümə hazırlığı bir neçə aparıcı futbolçusundan məhrum keçirəcək.

 

“Sevilya”nın bəzi oyunçularının formasını geyindiyi yığma komandanın dünya çempionatında yoluna davam etməsi yeni baş məşqçi Pablo Maçinin planlarını pozub. Söhbət Simon Kyaer (Danimarka), Stiven Nzonzi (Fransa), Luis Muriel (Kolumbiya), Ever Baneqa, Qabriel Merkado (Argentina) və “Porto”dan icarədən qayıdan Migel Layundan (Meksika) gedir.

 

Komanda iyulun 3-də onlarsız təlim-məşq toplanışına start verəcək. Ümumiyyətlə, adıçəkilən oyunçular mundialdan sonra bir aya yaxın istirahət edəcəklər. Onların AL-in II təsnifat mərhələsini buraxacaqları dəqiqdi. Yəni “Neftçi” I mərhələdə “Uypeşt”i üstələsə, Kyaer, Nzonzi, Muriel, Baneqa, Merkado və Layun təmsilçimizlə qarşılaşmaları buraxacaq. Baş məşqçi onları “Barselona” ilə keçiriləcək İspaniya Superkuboku matçlarında ixtiyarında görmək istəyir. Həmin qarşılaşmaların dəqiq tarixi bilinməsə də, avqustda baş tutacağı məlumdu.

 

Pablo Maçini narahat edən digər məqam dünya çempionatındakı futbolçularının zədələnmə ehtimalıdı. Belədə FİFA klublara kompensasiya ödəsə də, “Sevilya”nı puldan çox oyunçularının sağlam dönməsi maraqlandırır.

 

Qeyd edək ki, “Neftçi” “Uypeşt” səddini keçsə, “Sevilya” ilə iyulun 26-da səfərdə, avqustun 2-də isə evdə üz-üzə gələcək.