16:05 05-11-2019
news_image
372
AVRO-2020

“Azərbaycanla görüşdə hər şey edəcəyik” - Pavel Hapal

“Qapıçı Kozaçik məni zədəsi ilə bağlı məlumatlandırdı. O, sağlam olsaydı, heyətdən kənarda qalmazdı”.

APA-nın məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya və Azərbaycanla oyunları üçün heyəti açıqlayan mütəxəssis bəzi oyunçuların klubda şans qazanmamasından da danışıb: “Pekariklə Duda əvvəllər də klubda oyun təcrübəsindən əziyyət çəksə də, yığmada bacardıqlarını nümayiş etdiriblər. İnanıram ki, yenə belə olacaq. Onlar əla durumdadırlar”.

P.Hapal noyabrın 16-da Xorvatiyaya qarşı keçiriləcək oyunun vacibliyini bildirsə də, Azərbaycanla üç gün sonrakı görüşü həlledici saydığını bildirib: “Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Riyekadakı qarşılaşma bizim üçün çox vacibdir. Bu oyundan çox şey asılıdır. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Biz hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu noyabrın 19-da Trnavada baş tutacaq.