15:02 16-11-2019
news_image
185
AVRO-2020

Millimizin təxmini "11-liy"i: bomba effekti verə biləcək variant

Avropa çempionatının seçmə mərhələsində bu gün Uelsi qəbul edəcək Azərbaycan millisi son ev oyununa çıxacaq.
 
Apasport.az saytının məlumatına görə, komandalar matça fərqli atmosferdə hazırlaşıblar.

Final mərhələsinə vəsiqə şansını davam etdirən qonaqların "Bakcell Arena"dan 3 xalla ayrılmaqdan başqa şansı yoxdur. Ancaq E qrupunun sonuncusu olan yığmamız üçün yalnız prestij oyunu sayılır. Nikola Yurçeviçin yetirmələri seçmə mərhələni fiasko ilə bitirməmək üçün xal ehtiyatını artırmalıdır. Amma futbolçularda motivasiya və komandaların heyəti baxımından üstünlük Uelsdə millisindədir.

Heyətdən söz düşmüşkən, etiraf etmək lazımdır ki, baş məşqçi Nikola Yurçeviçin bu gün elə geniş seçim imkanı olmayacaq. 1-2 mövqedəki qeyri-müəyyənliyi nəzərə almasaq, xorvatiyalı çalışdırıcının start "11-liy"i, demək olar ki, məlumdur.

Qapı xətti ilə bağlı heç bir şübhə yoxdur. Mehdi Cənnətov hazırda yalnız 3-cü qapıçı olacaq səviyyədədir. Səlahət Ağayevin "Neftçi"nin heyətində son turlardakı performansı millidə yenidən çərçivəni ələ alacaq formada deyil. Bu üzdən qapıda Emil Balayev dayanacaq. Balayev belə davam edərsə, təkcə bu gün yox, uzun illər yığmanın bir nömrəsi olacaq.

Müdafiənin mərkəzi ilə bağlı 4 seçim imkanı olsa da, indiki məqamda yalnız ikisinə güvənmək olar. Bunlar da Bədavi Hüseynov və Bəhlul Mustafazadədir. Həm klublarında müntəzəm oynamaları, həm beynəlxalq təcrübələrinin daha çox olması, həm də britaniyalılara qarşı "ikinci mərtəbə" probleminin həlli baxımından bu tandemin iştirakı vacibdir.

Müdafiənin sağ cinahının sahibi Maksim Medvedevin hazır olub-olmaması Pavel Paşayevin oynayıb-oynamamasında həlledici rol oynayacaq. Sol cinahla bağlı ehtimallar çoxdur. Yəqin ki, Qaret Beylin önündə ya Anton Krivotsyuk, ya da Şəhriyar Rəhimov dayanacaq. Bu, baş məşqçinin sol cinah yarımmüdafiəçisi seçiminə də təsir edəcək. Hər iki oyunçu eyni anda oynaya və ya onlardan biri müdafiədə, Təmkin Xəlilzadə isə yarımmüdafiədə yer ala bilər.

Millinin problemli mövqeyi kimi yarımmüdafiəni göstərmək olar. Normalda Qara Qarayev - Riçard Almeyda - Dmitri Nazarov "trio"su ən ideal seçimdir. Ancaq ucaboy və fiziki cəhətdən güclü olan britaniyalılar önündə bu "üçlük" cılız görünür. Bu mənada Eddi İsrafilovun gəlməməsi ciddi problemdir. Çünki Eddinin həm "birinci toplar"ın götürülməsində, həm də standart vəziyyətlərdə çox köməyi dəyə bilərdi. Orta sahə ilə bağlı başqa bir namizəd olsaydı, Dmitri Nazarovu sol cinahda da sınamaq olardı. Ancaq Uels Emin Mahmudov və Cavid Hüseynov kimi futbolçulara tərs komanda kimi görünür.

Hücumun mərkəzinin öz sahibi var - Ramil Şeydayev. Hər nə qədər çox qol vurmasa da, rəqib qapıçılarını zərbələri ilə həyəcan içində saxlamasa da, hərəkətliliyi, fədakarlığı və tükənməz enerjisi ilə müdafiəçiləri daim təzyiq altında saxlayır. Sağ cinahda yəqin ki, Araz Abdullayevə şans veriləcək. Ancaq solda bayaq da qeyd etdiyimiz kimi, müdafiəçilərdən birinin iştirakı gözlənilir. Yurçeviç riskə əl atıb, yaxşı formada olan Ağabala Ramazanovu da orda oynada bilər. Bu isə hər an partlamağa hazır bomba effekti verə bilər. Hücumameyilli vingerlər tarixi qələbəyə də yol aça bilər, biabırçı məğlubiyyətə də.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels görüşü saat 21:00-da başlayacaq.