16:54 16-11-2019
news_image
62
AVRO-2020

AVRO-2020: Püşkatmada səbəti bəlli olan ilk komanda müəyyənləşdi

AVRO-2020-nin final mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı müəyyənləşən ilk komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, İtaliya yığmasıdır.

Roberto Mançininin yetirmələri noyabrın 30-da təşkil olunacaq püşkatmada 1-ci səbətdə qərarlaşacaq. Buna komandanın seçmə mərhələdəki uğurlu çıxışı səbəb olub.

Final mərhələsinə vəsiqəni də, qrup qalibi adını da öncədən təmin edən İtaliya yığması Bosniya və Herseqovina üzərindəki (3:0) qələbə ilə 1-ci səbətdə olacağını rəsmiləşdirib. Seçmə mərhələdə 9-cu qələbəni qazanmaqla appeninlilər qrup qalibləri arasında ən yaxşı göstəriciyə malik 6 yığmadan biri olacağını rəsmiləşdirib.

Final mərhələsinə yüksələn digər 11 milli - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya və İsveç isə səbətlərdəki mövqeyini bilmək üçün növbəti matçları gözləməlidir.

Düzdür, İtaliyanın oyunları Bakı və Romada keçiriləcək A qrupunda yer alacağı öncədən bilinirdi. Amma komandanın bu qrupa hansı səbətdən gəlməsi rəqiblərin kimliyi baxımından rol oynayacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək püşkatma Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.