23:49 18-11-2019
news_image
192
AVRO-2020

"Futbolçularımız peşəkardırlar və nə edəcəklərini yaxşı bilirlər" - Nikola Yurçeviç

“AVRO-2020-nin qrup mərhələsində son oyunumuzu keçirəcəyik. Turnir cədvəlinə diqqət yetirsək, rəqibin ikinci yeri tutmaq şansı var". 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis sabah AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya ilə keçirəcəkləri oyunöncəsi mətbuat konfransına qatılıb. N.Yurçeviç matç barədə fikirlərini açıqlayıb: "Onlar bizi məğlub edib, Uelsdəki matçın heç-heçə başa çatmasını arzulayırlar. Biz də şərəf üçün oynayacağıq. Sabahkı oyunda qələbə qazanmaq, mərhələni 3 xalla başa vurmaq istəyirik. Bunun üçün bütün gücümüzü meydanda qoymağa hazırıq. Hazırda aktivimizdə 1 xal var, amma keçirdiyimiz oyunlardan yalnız Slovakiya ilə Bakıdakı görüşdə xal qazanmaq imkanımız olmayıb. Digər qarşılaşmalarda buna yaxın olmuşuq.
Komandada motivasiya yüksək səviyyədədir. Üstəlik, Slovakiya ilə Bakıdakı matçın nəticəsi də komandanı oyuna motivasiya edəcək. Bir sözlə, futbolçularımız peşəkardırlar və nə edəcəklərini yaxşı bilirlər".

O, heyətdə dəyişikliklərin olacağını da istisna etməyib: "Buna son məşqdən sonra qərar verəcəyik. Maksim Medvedev və Mahir Emrelinin zədə səbəbindən oynamayacağı əvvəlcədən məlum idi. Pavel Paşayev, Dmitri Nazarov və Riçard Almeydanın da zədəsi var. Onların sabahkı oyunda meydana çıxıb-çıxmayacağı bilinmir”.  

Qeyd edək ki, noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.