12:11 19-11-2019
news_image
243
AVRO-2020

Hansı heyət yığmanı darmadağından xilas edə bilər? - “11-lik”

Azərbaycan millisi daha bir seçmə mərhələni uğursuzluqla başa vurmağa hazırlaşır. 

Apasport.az saytının məlumatına görə, komandamız tsiklin və ümumilikdə ilin son matçını Trnavada Slovakiyaya qarşı keçirəcək.

Nəticə necə olur-olsun, istənilən halda AVRO-2020 də yığmamızın passivinə yazılacaq. Ancaq növbəti məğlubiyyət antirekorda və rüsvayçı sonluğa gətirib çıxaracaq. Üç gün əvvəl Bakıda Uelsə uduzaraq (0:2) rəqibi final mərhələsi yolunda ümidləndirən komandamız bu dəfə eyni arzu ilə yaşayan Slovakiya sınağına çıxacaq. Özü də daha ciddi itkilərlə.

Hər nə qədər millimiz üçün formal oyun olsa da, yəqin ki, Nikola Yurçeviç darmadağınla üzləşmək istəməz. Çünki açıqlamalarından belə başa düşmək olar ki, xorvatiyalı biabırçı nəticələrə baxmayaraq, postunda qalmaq arzusundadır. AFFA-dan yeni müqavilə təklifi alacağına ümidini üzməyən çalışdırıcının qapı və müdafiə xəttində rotasiyalar etməsi inandırıcı görünmür. Çünki bu, qələbə üçün alışıb-yanan və qat-qat güclü olan rəqib önündə intihara bərabər addım olar, həmçinin xorvatiyalıya olan-qalan inamın da üstündən xətt çəkər.

Bu mənada çərçivədə yenə Emil Balayev dayanmalıdır. Ucaboy slovaklar önünə çıxışlarda zəif olan Səlahət Ağayevi və təcrübəsiz Mehdi Cənnətovu atmaq olmaz. Müdafiənin mərkəzində Uelslə matçda olduğu kimi, Bəhlul Mustafazadə - Bədavi Hüseynov tandemini gözləyirik. Onlar həm Bakıdakı qarşılaşmanın ən yaxşıları idilər, həm də "ikinci mərtəbə"dəki problemi yoluna qoymağa qadirdirlər.

Yurçeviçin müdafiənin sağ cinahında Abbas Hüseynovu sınaması istisna deyil. Düzdür, "Qarabağ"ın heyətində, əsasən də, çempionat matçlarında müntəzəm çıxış edən Hüseynov o qədər də etibarlı oyun göstərmir. Bu üzdən Pavel Paşayevlə başlamaq ən doğrusu olardı. Amma Ukraynada legioner həyatı yaşayan oyunçu zədəli olduğundan, durumu qeyri-müəyyəndir.

Sol cinahla bağlı baş məşqçinin beynində nələrin keçdiyini təxmin etmək çətindir. Anton Krivotsyuk, Şəhriyar Rəhimov və Təmkin Xəlilzadə "üçlüy"ündən biri və ya ikisi meydanda ola bilər. Hər halda, baş məşqçi bu təcrübədən cari seçmə mərhələdə çox yararlanıb. Sol cinah Uelslə görüşdəki kimi də ola bilər, Krivotsyuk-Rəhimov cütlüyündən birini Xəlilzadə də əvəz edə bilər. İstənilən halda, müdafiədə ya Anton, ya da Şəhriyar olacaq.

Yarımmüdafiədə cinahlar mərkəzdə yer alacaq "trio"ya görə seçiləcək. Təəssüf ki, Uelslə qarşılaşmada meydana çıxan orta sahə oyunçularından yalnız Qara Qarayev tam hazırdır. Baş məşqçi mətbuat konfransında Riçard Almeyda və Dmitri Nazarovun səhhətində problem yarandığını və oynamaq ehtimallarının az olduğunu söyləyib. Bu da onu çıxılmaz vəziyyətə salır. Belədə Qaranın yanında debütant Elvin Camalovun yer alması qaçılmazdır. 3-cü yarımmüdafiəçi olmağa isə cəmi 2 namizəd var - Emin Mahmudov və Cavid Hüseynov. İndiki məqamda "Neftçi"nin kapitanı bir addım öndədir. Bir sözlə, Almeyda və Nazarov oynaya bilməsə, Qara-Elvin-Emin "trio"sunu meydanda görəcəyik. Slovaklar Uelsdən fərqli, mərkəzlə irəliləməyi daha çox xoşlayırlar. Ancaq hər üçünün boyu və fiziki durumu müdafiəçilərin başını çox ağrıda bilər. Slovaklar ön xətdə pressinq edəcəyi və daha çox hücumdan oynayacağı üçün, xüsusən də, "Neftçi"nin kapitanının işi asan olmayacaq.

Baş məşqçi cinahlarda hücumameyilli və sürətli Ağabala Ramazanovla Vüsal İsgəndərlini sınaya bilər. İkinci indiki durumda meydanda olmağı Uelslə matçda gəzməklə məşğul olan Araz Abdullayevdən daha çox haqq edir. 8 müdafiəyəmeyilli futbolçu meydana buraxıb, irəlidə Vüsal İsgəndərli - Renat Dadaşov (Ağabala Ramazanov) - Ramil Şeydayev "trio"su ilə başlamaq da olar.

Zədəlilərin çoxluğu və kasad heyət taktiki dəyişikliyə də yol aça bilər. Yurçeviçin yarımmüdafiə xəttindəki ciddi problemin həlli üçün 5-4-1-i sınaması ehtimalı da var. Belə olarsa, Emin Mahmudov ixtisara düşəcək, müdafiənin mərkəzindəki "trio"nu Krivotsyuk dolduracaq, solda Rəhimov oynayacaq. Onun önündə isə Təmkinin yer alması istisna deyil. İstənilən halda indiki məqamda Slovakiyada nəinki qələbə, hətta bərabərlik də möcüzə olar.

Qeyd edək ki, "Anton Malatinski" stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.