11:16 22-11-2019
news_image

"Böyük Dəbilqə": 7 cüdoçumuz üçün uğursuz gün - YENİLƏNİB

Bu gün Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 7 idmançısı tatamiyə çıxıb.

Onlar uğursuz çıxış edərək, mükafatçılar sırasına düşə bilməyiblər. 

Kişilər
60 kq

Yığma üzvlərindən Kəramət Hüseynov mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk cəhdində Yanislav Gerçevlə (Belarus) üz-üzə gəlib və qələbə qazanıb. Lakin cüdoçumuz ikinci qarşılaşmasında Çin Taypeyindən olan Vey Yunq Yanqa uduzub. 

Bu çəki dərəcəsində komandamızın digər üzvü Davud Məmmədsoy da yarışla vaxtından əvvəl vidalaşıb. 1/16 finalda italiyalı Elios Manzini məğlub edən həmyerlimiz ardınca yaponiyalı Naohisa Takato ilə bacarmayıb. 

66 kq

Millimizin liderlərindən Nicat Şıxəlizadə 1/16 finalda Beslan Muradovdan (Rusiya) güclü olub. O, daha sonra kubalı Odsniel Solisi də üstələyib. 1/4 finalda isə yaponiyalı Yoşiro Maruyama ilə güləşən təmsilçimiz yarımfinala yüksələ bilməyib. Nicat məğlubiyyətə baxmayaraq, təsəlliverici görüşə qatılacaq. O, bürünc medala gedən yolda ispaniyalı Daniel Peresi sınağa çəkib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından, Şıxəlizadə yarışı mükafatsız bitirib.

Orxan Səfərəv isə 1/32 finalda Julyen Fraskadorla (Kanada) qarşılaşıb. Mərhələ adlayan dünya çempionatının finalçısı ikinci cəhdində rusiyalı Mixail Pulyayevə məğlub olub.

Qadınlar
48 kq

Aişə Qurbanlı 1/16 finalda Harriet Bonfeysə (Malavi) qalib gəlib. İkinci görüşündə yaponiyalı Natsumi Tsunoda ilə qüvvəsini sınayan cüdoçu mərhələ adlaya bilməyib. 

Ondan fərqli, Leyla Əliyeva "Böyük Dəbilqə" startda uduzub. O, 1/16 finalda Edna Karrillo (Meksika) ilə mübarizədən məğlub ayrılıb.

52 kq
Gültac Məmmədəliyeva Kristina Blanaru (Moldova) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından təmsilçimiz yarışla vidalaşıb. 

Qeyd edək ki, 87 ölkədən 486 (280 kişi, 206 qadın) cüdoçunun qatıldığı yarışda Azərbaycan yığması 13 idmançı ilə təmsil olunur. Turnir noyabrın 24-də başa çatacaq.