09:09 05-12-2019
news_image
295
AVRO-2020

“Bakıda bizi dəstəkləmək istəyənlər indidən biletlərini alsınlar” - Nihat Özdemir

“Avropa çempionatının seçmə mərhələsində ikinci yeri tutmağımızın bizim üçün daha xeyirli olduğunu gördüm. Püşkatmadan da razı qaldım və ürəyimizcə olduğunu deməliyəm”. 

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib. 

O, AVRO-2020-də oyunları Roma və Bakıda keçiriləcək A qrupunda çıxış etmələrinə münasibət bildirib. N. Özdemirin sözlərinə görə, İtaliya, Uels və İsveçrənin yer aldığı qrupda əsas hədəfləri mərhələ adlamaqdır: “Heç vaxt "asan qrupdur, komandaları rahat keçərik" deməmişəm, bunu demərəm də. Amma komandamıza, baş məşqçimizə güvənirik. Gənc kollektivlə və onların yanında olan Burak, Əmrə kimi təcrübəli oyunçularla uğurlu nəticəyə inanıram. Əsas hədəfimiz qrupdan çıxmaqdır”.

Özdəmir qeyd edib ki, bütün dünya İtaliya ilə Romada keçirəcəkləri açılış matçından danışacaq: “UEFA da açılış matçında İtaliya ilə Türkiyənin qarşılaşmasından məmnundur. Qrupda növbəti iki oyunumuz Bakıda - qardaş ölkə dediyimiz Azərbaycanda olacaq. Hər zaman bu fikri səsləndirmişik: iki dövlət, bir millət. Bakıdakı stadion tam dolacaq. Azarkeş üstünlüyündən yararlanıb, Bakıda qrupdan çıxmaq üçün yetərli sayda xal toplamağı hədəfləyirik. Həm Romada, həm də Bakıdakı qarşılaşmalarda bizi dəstəkləmək istəyən azarkeşlər indidən biletlərini alsınlar, səfər proqramlarını qursunlar. Bütün futbolsevərləri Türkiyə yığmasını dəstəkləmək üçün həmin oyunlara çağırırıq”.