10:23 12-12-2019
news_image

“Masters”: Uğursuz start - YENİLƏNİB

Bu gün Çinin Tsindao şəhərində “Masters” turnirinə start verilib. 

Apasport.az saytının məlumatına görə, dünyanın ən güclülərinin qatıldığı yarışın ilk günündə 5 çəki üzrə qaliblər müəyyənləşəcək. 

Azərbaycan millisi bunlardan ikisində 4 cüdoçu ilə mübarizəyə qoşulub. Yarış təmsilçilərimiz üçün uğursuz başlayıb və ilk gün komandamız üçün vaxtından əvvəl başa çatıb.  

Kişilər
66 kq

Millimizin liderlərindən Orxan Səfərov yarışa 1/16 final mərhələsindən qatılıb. İlk cəhdində ukraynalı Georgi Zantariya ilə üz-üzə gələn cüdoçumuz mərhələ adlaya bilməyib. 

İlk mərhələdən azad olan Nicat Şıxəlizadə 1/16 finalda Boqdan Yadova (Ukrayna) qalib gəlsə də, ardınca Xerlan Qanboldla (Monqolustan) bacarmayıb. 

Qadınlar
48 kq

Leyla Əliyevanın debütü uğurlu alınıb. O, Çen-Hao Lini (Çin Taypeyi) məğlub edərək, 1/8 finala yüksəlib. Lakin bu mərhələdə monqolustanlı Urantsetsev Munxbat təmsilçimizdən üstün olub. 

Bu çəkidə digər təmsilçimiz Aişə Qurbanlı isə 1/16 final çərçivəsində fransalı Melani Klementə uduzub. 

Qeyd edək ki, dekabrın 14-də başa çatacaq yarışda Azərbaycan yığması 11 cüdoçu ilə təmsil olunur.