21:15 25-12-2019
news_image
257
STOLÜSTÜ OYUNLAR

Dövlət başçısı: “Teymur Rəcəbovun Dünya Kubokunun qalibi olması tarixi hadisədir”

“İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub: “Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olub. Bu da onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində şahmat məktəblərinin açılışı da ənənəvi olaraq proqrama salınır. Demək olar ki, mən ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etmişəm. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatı dəyişdirilmiş, o binalar özəlləşdirilmiş, orada ticarət obyektləri açılmışdır. Əlbəttə ki, bu, ovaxtkı rəhbərlik tərəfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra şahmat məktəblərinin yenidən açılması prosesi başlamışdır və son illərdə bu proses geniş vüsət almışdır. Mənim göstərişimlə rayonlarda yaradılmış gözəl şahmat məktəbləri fəaliyyət göstərir və beləliklə, gənc şahmatçılar yetişir.

Əlbəttə, şahmat çox məşhur, populyar idman növüdür, o idman növüdür ki, insanların, uşaqların intellektual potensialını gücləndirir. Məhz mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Ona görə gənclər fiziki cəhətdən güclü olmalıdırlar. Onların intellektual potensialı yüksək səviyyədə olmalıdır. Onlar milli dəyərlərə, Vətənə bağlı olmalıdırlar. İdman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır. Hər bir idman qələbəsi, xüsusilə mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var. Məhz buna görə son illər ərzində idmana çox böyük diqqət göstərilir. Mən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi 1997-ci ildə bu vəzifəyə ilk dəfə seçiləndən sonra Azərbaycanda idmanın inkişafı, idmanda kütləviliyin təmin edilməsi istiqamətində addımlar atmışam və bu addımlar bu gün özünü göstərir”.