12:46 27-12-2019
news_image
190
DİGƏR NÖVLƏR

"2020-ci il də Azərbaycan idmanı üçün zəngin olacaq" - Azad Rəhimov

Azərbaycan Gənclər və İdman Nazirliyi 2019-cu ilə yekun vurub.

Apasport.az saytının məlumatına görə, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Toplantıda çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2019-cu ilin Azərbaycan idmançıları üçün uğurlu alındığını bildirib. Onun sözlərinə görə, milli üzvləri il ərzində beynəlxalq arenada 775 medal qazanıblar: "Onlardan 327-si olimpiya idman növlərinin payına düşür. Bu o deməkdir ki, bayrağımız gün ərzində ən azı 2 dəfə dalğalanıb. II Avropa Oyunlarda 28 medal əldə edilib. Bakıda bir sıra mühüm idman yarışları keçirilib. Gənclərin Yay Olimpiya Festivalına ev sahibliyi etdik".

Nazir qeyd edib ki, il ərzində 233 Respublika yarışı təşkil olunub: "Təkcə Bakıda 60-dan çox beynəlxalq yarış olub. Milli komandalarımız 243 beynəlxalq yarışda mübarizə aparıblar. Yığmalar üçün 118 təlim-məşq toplanışı təşkil edilib. Hazırda isə 45 Olimpiya İdman Kompleksi fəaliyyətdədir".

A. Rəhimovun sözlərinə görə, 2020-ci il də Azərbaycan idmanı üçün zəngin olacaq: "Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq davam edir. Artıq bir sıra idman növlərində lisenziyalar əldə olunub. "Bakı AVRO-2020"nin 4 oyununa və "Formula 1"ə ev sahibliyi edəcəyik. Karate üzrə Avropa çempionatı da Azərbaycanda olacaq. Həmçinin gimnastika üzrə Dünya Kuboku olacaq".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də ilin idmançılar üçün uğurlu alındığını bildirib. O, bütün komandaların qarşıdan gələn Tokio-2020 Yay Olimpiya Oyunlarına səylə hazırlaşdıqlarını vurğulayıb.

Ardınca ilin ən yaxşılarının mükafatlandırma mərasimi başlayıb.