11:33 07-01-2020
news_image
5330
FUTBOL

Topa toxunmayan ən böyük "fırıldaq" futbolçu - "Ulduzlar"

Kayzer ləqəbli Karlos Enrike Raposonun maraqlı həyat hekayəsi olub. Hətta bununla bağlı film də çəkilib. 20 illik futbolçu karyerası ərzində rəsmi matçlarda topa toxunmamış birindən bəhs edirik. Apasport.az saytının "Ulduzlar" rubrikasının budəfəki qəhrəmanı qəribə həyata malik braziliyalı “hücumçu”dur.

Toplanışda çox yaxşı çalışıb, çempionat öncəsi "zədələnirmiş" 
Hər bir braziliyalı uşaq kimi, o da kiçik yaşlarında futbol sevdalısı olub, gününü küçələrdə top qovaraq keçirib. Ancaq ailəsi bu yolda onun üçün işləri çətinləşdirib. Kayzer futbolu sevərək oynayan bir uşaq ikən ailəsi onu futbolçu olmağa məcbur edib. Futbolçu kimi qazanacağı pulla onların həyatını dəyişəcəyini düşünüblər. Bu da Kayzerdə futbola qarşı soyuqluq yaranmasına səbəb olub. Ancaq aşağı yaş qruplarında oynamağa da davam edib.

Ata-anasını yeniyetmə yaşlarında itirən Raposo getdikcə futbolçuların həyat tərzlərini özünə nümunə götürüb, onlar kimi yaşamaq istəyinə qapılıb. İşin qəribə tərəfi futbol oynamadan futbolçu kimi yaşamaq istəməsi olub. Elə bu üzdən müxtəlif formada bəhanələrlə özünü "inkişaf etdirib". Məsələn, mövsümöncəsi toplanış dönəmində çox yaxşı çalışıb, məşqçilərin gözünə girməyi bacarıb. Çempionat başlayana yaxın isə "zədələndim" deyərək, hər kəsi aldadıb. Bu, ötən əsrin 70-80-ci illərinin hadisəsidir. Həmin vaxtlar futbolçunun zədəsini müəyyənləşdirmək indiki kimi asan deyildi. Klub rəhbərləri futbolçuların sözlərinə güvənməli olublar. Kayzer zədə bəhanəsindən çox istifadə edib və həmişə qarşısındakıları inandırmağı bacarıb. Məşqçilər hər dəfə mövsümöncəsi yüksək performansa görə ona güzəşt edib, "partlayış" edəcəyinə ümidlənərək komandada saxlayıblar. Buna görə də, Kayzer getdiyi komandalarda 6 ay və ya bir il qalmağı bacarıb.

"Fırıldaq" ləqəbini necə alıb?
Ölkəsi Braziliyada, həmçinin Meksika, ABŞ, Fransa və başqa bir neçə ölkədə fərqli klubların formasını geyinib. Bu qədər rahat transfer olma səbəbi asanlıqla mühitə uyğunlaşması və əlaqə qurma bacarığı olub. Bu üzdən də ona "fırıldaq" ləqəbi qoşulub. Bəxt hər zaman üzünə gülüb, özünü insanlara asanlıqla sevdirən, onları əyləndirən bir xüsusiyyətə sahib olub. Öz dövrünün bir çox məşhur futbolçusu ilə yaxşı əlaqələr qurub, onların komandasına və ya həmin ulduzların vasitəçiliyi ilə başqa klublara transfer olub.

Kayzerə boş yerə "fırıldaq" deməyiblər. Nümunələrə davam edək. Transfer edildiyi klublardan birinin prezidenti onun zədələrindən və bəhanələrindən bezərək, baş məşqçiyə növbəti matçda Kayzeri oynatmaq tapşırığı verib. Görüşə ehtiyatdan başlayan Kayzer baş məşqçinin "hazırlaş" əmrini verməsindən sonra oyuna girməmək üçün tribunadakı bir neçə azarkeşlə dalaşıb və qırmızı vərəqə alıb. Buna çox qəzəblənən və Kayzerə od püskürən prezidentə isə eyni ilə bunları deyib: "Sizi 13 yaşımda itirdiyim atama oxşadıram. Azarkeşlər arxamda sizi təhqir etdiyindən, dözə bilmədim". Prezident bu sözləri eşitdikdən sonra Kayzeri qucaqlayıb və onun müqavilə müddətini yeniləyib.

Oyuncaq telefonunun gücü
Kayzerin "variantlarından" biri də oyuncaq mobil telefon olub. O dönəmlərdə mobil telefonlar hətta futbolçular üçün də çox bahalı imiş. Kayzer bunun oyuncaq modelini özü ilə gəzdirib, transfer danışığı apardığı bəhanəsi ilə məşqçilərini aldadırmış. Baş məşqçinin yanında oyuncaq telefonu qulağına tutaraq, yüksək səslə "mən komandamda xoşbəxtəm, sizə transfer olunmaq istəmirəm" deyir, klublarının yeni müqavilə təklifi etməsinə zəmin formalaşdırırmış.

Kayzerin həmin vaxtlar komanda yoldaşı olmuş bir çox keçmiş futbolçu onunla bağlı çox xatirə bölüşüb. Əyləncəli, xoş söhbət edən, istiqanlı olduğunu, ancaq futboldan başının çıxmadığını vurğulayıblar. Həmin illərdə komanda daxilində hörmət qazanmaq, yaxşı dostluqlar qurmaq yerini möhkəmlətmək üçün yetərli səbəblərdən biri olub. Kayzer də bundan yaxşı yararlanıb.

Meydana çıxmamaq üçün matçdan əvvəl azarkeşə özünü döydürən birindən bəhs edirik. Hər halda, Braziliyanın ən böyük klubları olan "Flamenqo", "Fluminense", "Botafoqo", "Vasko de Qama" ilə müqavilə imzalayıb, bir dəfə də olsun meydana çıxmamaq hər kəsin bacaracağı iş deyil. İnternetdə axtarış veriləndə hücumçu mövqeyində olduğu görünür. Ancaq onu 20 il ərzində meydanda görən olmayıb.

“Topa toxunmadım, futbolda qazandığım şöhrət sayəsində yüzlərlə qadınla birlikdə oldum”
57 yaşlı sabiq hücumçu özü də fırıldaqlarını boynuna alıb: "Topa toxunmadım, amma futbolda qazandığım pul və şöhrət sayəsində yüzlərlə qadınla birlikdə oldum. Təkcə futbolçu olmağım qadınları maqnit kimi çəkməyim üçün yetərli olurdu. Gündə ən az 3 qadınla birlikdə olurdum. Sadəcə, oynamaq istəmirdim. Əgər mənim futbolçu olmağımı istəyiblərsə, bu, onların problemi olub". 

Heç vaxt futbol oynamayan ən böyük futbolçu
Günlərini saunalarda keçirib, heç vaxt hansısa rəsmi matçın start heyətində yer almayıb və müxtəlif bəhanələrlə məşqlərdən qaçıb.
Hazırda Braziliyada idman zalı işlədən Karlos Enrike Raposonun həyatından bəhs edən filmin adı belədir: Heç vaxt futbol oynamayan ən böyük futbolçu. Filmdə Kayzer özü baş roldadır.