22:37 12-01-2020
news_image
366
TOKİO-2020

Tokio-2020: Millimizin bacarmadığını Türkiyə etdi

Avropadan Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan qadın voleybolçulardan ibarət sonuncu komanda müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, “köhnə qitə”nin Yaponiya paytaxtına yollanacaq növbəti yığması Türkiyə olacaq. 

“Ay-ulduzlular” Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi adını qazanmaqla bu hüquqa yiyələniblər. Covanni Quidettinin rəhbərlik etdiyi milli yarımfinalda Polşanı (3:2) məğlub etdikdən sonra finalda Almaniyadan da güclü olub – 3:0 (25:17, 25:19, 25:22). 

Bununla da, Tokio-2020-yə yollanacaq yığmaların sayı 11-ə çatıb. Türkiyədən öncə Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya, Keniya, Argentina və Cənubi Koreya Olimpiadada iştirak hüququ qazanıb. Son ölkə isə Şimali Amerikadan olacaq. 

Qeyd edək ki, Apeldornda keçirilən lisenziya turnirində Azərbaycan millisi də qüvvəsini sınayıb. Lakin Vasif Talıbovun rəhbərlik etdiyi komanda qrupda hər 3 oyunda uduzaraq, sonuncu yeri tutub. Təmsilçimizin yer aldığı qrupdan yarımfinala yüksələn Niderland Almaniyaya, Polşa isə Türkiyəyə uduzub.