12:15 14-01-2020
news_image
960
FUTBOL

Sənan Qurbanov: "1-2 ay maaş gecikən kimi futbolçuları fikir alır" - "Mütəxəssis baxışı"

Premyer Liqada yaranmış fasilədən istifadə edən klublarımız hazırda Türkiyədə təlim-məşq toplanışındadırlar. Apasport.az saytının məlumatına görə, elita təmsilçiləri digər tərəfdən heyətlərinə də əl gəzdirirlər.

"Mütəxəssis baxışı" rubrikamız da bu dəfə klublarımızın transfer fəaliyyətinə həsr olunub. "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanovla bunu dəyərləndirəcəyik.

"Qarabağ"da gözləniləni vermədi"
- Çempionatın lideri "Qarabağ" 3 futbolçu - Simeon Slavçev, Asmir Beqoviç və Riçard Almeyda ilə yollarını ayırıb. Xüsusən də, Almeydanın boşluğunu doldurmaq mümkün olacaqmı?

- Almeydanın gedişi "Qarabağ" üçün ciddi itkidir. Yadınızdadırsa, bir ara Almeyda "Astana"ya keçmişdi. Həmin vaxt "Qarabağ" orta sahədə ciddi problem yaşadı. Nə Slavçev, nə də digərləri bu boşluğu doldura bildi. Nəticədə Almeydanı yenidən qaytardılar. Çünki Qurban Qurbanovu, onun oyun fəlsəfəsini çox yaxşı bilir. Onun gedişi bir tərəfdən də Filip Ozobiçə "yaşıl işıq" yandıra bilər. Amma düşünürəm ki, yenə də orta sahəyə transfer edəcəklər.

- "Astana"dakı 6 aylıq dönəmi saymasaq, Almeyda uzun illər "Qarabağ"ın "beyni" funksiyasını daşıdı. "Qarabağ"ın bəlkə yeni "beyin"ə ehtiyacı var?
- Bəlkə də, bu baxımdan onun ayrılığı komandaya müsbət təsir edəcək. Adətən yeni nəfəs komandada canlanmaya səbəb olur. Avropa Liqasında qrupdan çıxmamaq istər-istəməz futbolçulara, məşqçi korpusuna mənfi təsir etdi. Psixoloji gərginlik qış fasiləsində aradan qalxacaq, komandadaxili atmosfer yüksələcək. Yeni oyunçular da buna təkan verəcək. Qurban Qurbanov kimi məşqçilər elə oyunçu dəvət edir ki, o, komandanın oyun üslubunu, məşqçinin metodikasını qavraya bilsin. Əsas məsələ uyğunlaşma dönəmini tez başa vurmaqdır.

- "Qarabağ" hələ transfer həyata keçirməyib. Sizcə, hansı mövqeləri güclənməlidir?
- Fikrimcə, hücum xətti güclənməlidir. Düzdür, Maqaye Qeye çempionatda bir neçə qol vurdu. Amma əsl hücumçu keyfiyyətlərini tam ortaya qoya bilmədi. Biz Dino Ndlovunun oyununa öyrəşmişdik. Qeye isə gözləniləni vermədi.

"Onun beyni hər bir məşqçinin istəyinə cavab verir"
- "Neftçi" Kiril Petrov və Rauf Əliyevi yola saldı, əvəzində iranlı Saman Nariman Cahanı transfer etdi və Mirabdulla Abbasovu geri qaytardı. "Neftçi"nin hazırkı heyəti çempionluq uğrunda "Qarabağ"la yarışacaq gücdədir?
- "Neftçi"də əsas stabillik çatmır. Bəzən çox baxımlı futbol göstərirlər. Məsələn, "Qarabağ"la matçın ikinci hissəsindəki çıxışlarını qeyd edə bilərəm. "Neftçi" yaxşı heyətə malik olsa da, transferlərə ehtiyacı var. Çünki komanda daxilində rəqabət çox önəmlidir. "Qarabağ"da həmişə rəqabət olduğu üçün komanda daim inkişaf edir. Petrov gedibsə, rəqabəti qorumaq üçün müdafiəçi alınmalıdır. Stabilliyi qoruya bilsələr, "Qarabağ"la mübarizə apara bilərlər. 6 xallıq fərq elə də böyük deyil. Digər matçlarda xal itirməsələr, öz aralarındakı görüşlər həlledici olacaq.

- "Neftçi" sizin də çox yaxşı tanıdığınız Qismət Alıyevi heyətinə qatmaq istəyir. Qismət orada oynamağa hazırdırmı?
- Roman Qriqorçuk "Qəbələ"ni çalışdıranda Qisməti akademiyadan əsas kollektivə cəlb etdik. Qriqorçuk zəkalı, intellektual səviyyəsi yaxşı olan futbolçulara üstünlük verməyi xoşlayır. Qismət də belə idi. O, məşqçinin tapşırıqlarını yerinə yetirməyi ən çox istəyən, buna can atan futbolçulardandır. Öz üzərində işləyir, taktiki tapşırığı tez qavrayır. Gündən-günə inkişaf edir. Avropa Liqasındakı heyətdə yer alıb, təcrübəli oyunçudur. Qismətin beyni hər bir məşqçinin istəyinə cavab verir. Niyə də olmasın? 

"Həmin bağı qırmamaq çox önəmlidir"
- Mövsümün sürpriz komandası "Keşlə" hələlik yalnız Şohruh Qadoyevi transfer edib. Klub prezidenti Zaur Axundov da bildirib ki, 1-2 transferlə kifayətlənəcəyik...

- Əvvəla Tərlan Əhmədova alqış düşür. "Neftçi" və "Qarabağ"ı saymasaq, "Keşlə" digər 5 komandadan nə zəifdir, nə də güclü. Yəni elə heyətləri yoxdur deyəsən ki, digər 5 komandanı üstələyir. Ötən mövsümdəki xaosa baxmayaraq, Tərlan Əhmədova güvəndilər, o da artıq sözünü deyir. Tərlan müəllim çıxışlarında deyir ki, bir futbolçu olmayanda ciddi problemlə üzləşirik. Bu mənada transferlərə ehtiyac var. 3-4 futbolçu ilə güclənsələr, turnir cədvəlindəki yerlərini qoruya bilərlər.

- Belə komandaların nəticələri adətən motivasiyadan asılı olur. Heyətdə dəyişiklik etmək onlarda kollektiv ruhu pozmayacaq?
- Kollektiv oyunla yanaşı, düşünülmüş oyun sistemləri var. Müdafiədə sıx oynayırlar, hücuma sürətli çıxırlar. Futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilirlər. "Keşlə"də əzmkarlıq var. Hiss olunur ki, komandada iş gedir, futbolçularda zəncirvari bağ var. İkinci yarıda həmin bağı qırmamaq çox önəmlidir.

"Daha çox oynamaq üçün komandasını dəyişə bilər"
- "Keşlə" kimi, "Sumqayıt"da da möhkəm kollektiv formalaşıb. Hələlik transfer də etməyiblər. Bu heyəti pozmaq vəziyyəti pisləşdirməz?
- Hər bir məşqçi istəyər ki, komandasında eyni mövqedə güclü oyunçu çox olsun, rəqabət yaransın. Futbolçunun məşqlərdəki canfəşanlığı, oynamaq istəyinin olması məşqçiyə böyük köməkdir. Bunun üçün də rəqabət vacibdir. Hər bir futbolçu üçün ən böyük motivasiya isə öz adı üçün mübarizə aparmaqdır. "Sumqayıt" "Neftçi" kimi komandanı ölkə kubokundan kənarlaşdırdı. Bu amil futbolçularda özünəinamı daha da artırdı. Hər iki cəbhədə uğurlu çıxışı davam etdirmək üçün transferlər lazımdır. Aleksey İsayev, Əmir Ağayev, Peyman Babayi kimi istedadlı oyunçuları var. Xüsusən də, Əmirin adını çəkərdim. Onun oyunundan zövq alıram. Onlar "Sumqayıt"ın oyununa əlavə rəng qatırlar. Adlarını çəkdiyim oyunçular 8 komandanın hər birində çıxış etmək iqtidarındadırlar. Amil Yunanov da yaxşı futbolçudur. Amma görünür, Peyman və Mehdi Şərifi ilə rəqabətdə uduzur. Variantı varsa, daha çox oynamaq üçün komandasını dəyişə bilər.

"Hansısa məşqçini qınaya bilməzsən"
- "Zirə" Davit Volkov və Ağabala Ramazanovu transfer etdi. Nəzərə alaq ki, bu komandada hələ Riçard Qadze və digər ön xətt oyunçuları da var. Mövsümün ikinci yarısında "Zirə"nin hücumlarının qarşısını almaq rəqiblərə çətin olmayacaq?
- "Zirə" heyət baxımından yaxşı komandalardan biridir. Davit və Ağabalanın transferi kollektivə əlavə güc qatdı. Orada Cavid Hüseynov kimi kapitan, lider var. Heyəti nəzərə alsaq, "Zirə" ikinci dövrədə daha yaxşı çıxış etməlidir. Mətbuatda yazılana görə, iki mərkəz müdafiəçisi də istəyirlər. Bir az da güclənsə, iddialı komandaya çevriləcək.

- Soni Norde böyük ümidlərlə gəlsə də, istəniləni verə bilmədi. Nordenin burada oyunu niyə alınmadı?
- Hər bir məşqçinin baxışı fərqlidir. Mövsümün əvvəlində transferləri Samir Abasov etmişdi. Sonradan baş məşqçi dəyişdi. Norde artıq Zaur Həşimovun oyun üslubuna uyğun gəlmədiyi üçün boş yerə saxlamağın bir mənası yox idi. Belə futbolçunun qalıb ehtiyatda oturmasındansa, getməsi daha məqsədəuyğundur. Oyun üslubuna uyğun gəlmirsə, şans verməyəcək və komanda belədə heç nə qazanmayacaq. Məşqçi hücumçu axtarışı zamanı ilk növbədə onun sürətli olmasına, individual bacarığına, fərdi reyd qabiliyyətinə baxır. Norde də bu tipdə görünən oyunçulardandır. Bəzən olur ki, futbolçudan istədiyini dərhal ala bilmirsən. Belədə onun zamana ehtiyacı olur, uyğunlaşma dönəmi keçir. Alarkən fikirləşirsən ki, dediklərimi tez başa düşəcək, amma hər dəfə belə çıxmır. Amma görürsən ki, intellektual səviyyəsi çox aşağıdır. Futbolçunu tanımırsan, videolarına baxırsan, amma gətirəndə fərqli mənzərə ilə üzləşirsən. Buna görə də hansısa məşqçini qınaya bilməzsən.

"Sabah" Sopiçi gətirməkdə tələsdi"
- Eyni vəziyyət "Sabah"da Hendrik Ekşteynlə bağlı yarandı. Ona böyük inam olsa da, ümidləri doğrulda bilmədi. Yeni baş məşqçi həm onu, həm də Rocer Roxası göndərdi. Ekşteyn burada qalsaydı, daha uğurlu olmazdı?

- Ekşteyn bəzi oyunlarda yaxşı təsir bağışladı. Futbolçunu düz-əməlli tanıya da bilmədik. Açığı, onun gedişinə bir az təəccübləndim. Məşqçi dəyişikliklərinin də rolu oldu. Görünür, yeni çalışdırıcının oyun üslubuna uyğun gəlmədi.

- Jelko Sopiç "Sabah"ı qəbul etdikdən qısa müddət sonra aqressiv açıqlamalarla diqqət çəkdi. Sizcə, futbolçuları barədə sərt sözlər işlətmək üçün tələsmədi? 
- Rəhbərlik yəqin ki, onu tanıyıb dəvət edib. Açığı, "Qarabağ" və "Neftçi" ilə oyunlar öncəsi Sopiçin gətirilməsi mənim üçün sürpriz oldu. "Sabah"ın ilk yarını İqor Ponomaryovla başa vuracağını gözləyirdim. Yeni gələcək məşqçinin də bu oyunları izləyəcəyini və qış fasiləsində "sükan arxası"na keçəcəyini düşünürdüm. Fikirləşirdim ki, tələsik addım atmazlar. Amma tez bir zamanda baş məşqçini təyin etdilər. Yeni çalışdırıcının çempionatın gedişində qoşulması, futbolçulardan fərqli şeylər tələb etməsi, oyunçuların buna cavab verə bilməməsi onu əsəbiləşdirir. Bu da kollektiv daxilində aqressivləşməyə səbəb olur. Məncə, Ponomaryov komandaya pozitivlik gətirmişdi. Onun rəhbərliyi altında "Qarabağ"dan da, "Neftçi"dən də xal ala bilərdilər. Ən yaxşı variant qış toplanışında baş məşqçi dəyişikliyi idi.

"Yeni gələn Davitin yerini doldura biləcəkmi?"
- Gələk mövsümə baş məşqçi postunda başladığınız "Qəbələ"yə. Hücumun bütün yükünü çiyinlərində daşıyan Volkov getdi. Bu, yeni-yeni özünə gələn "Qəbələ"yə çətinlik yaratmayacaq?
- Davit çox yaxşı futbolçudur. Onun gedişi ciddi itki olacaq. Olduqca sürətlidir və son matçlarda komandanı arxasınca aparırdı. Amma "Qəbələ" komanda şəklində birləşib. Anar Nəzirov, Rasim Ramaldanov kimi kollektivi ətrafında birləşdirən lider oyunçular var. Onlar komandanı daxildə toparlamaq bacarığına malikdirlər. Son vaxtlar Qismət Alıyev yaxşı çıxış edir. Klesio Bauk xeyir verən oyunçudur, Fernan Lopes isə son vaxtlar yaxşı forma yığmışdı.

- Merab Qiqaurinin də "Zirə"yə keçmək ehtimalı var...
- Bu, böyük itki olar. Düzdür, gedən oyunçuların yerinə yəqin ki, yenilərini gətirəcəklər. Amma yeni gələn Davitin yerini doldura biləcəkmi? Yeni gələnin zamana ehtiyacı olacaq. Davit və gedərsə, Qiqauri səviyyəsində oyunçu tapmaq çətin olacaq. Əvəzində Niasseni qaytarmaq düzgün addım idi.

"Cüzi maaş gecikməsi olan kimi, inamsızlıq yaranır"
- Mövsümün ilk yarısını birtəhər başa vuran "Səbail" Ağabala Ramazanov, Mirabdulla Abbasov, Elvin Yunuszadə kimi aparıcı oyunçuları ilə vidalaşdı. Üstəlik, Rahid Əmirquliyev və Yevgeni Koçukun ayrılmaq ehtimalı var. "Səbail"in sonuncu pillədən qurtulmasını möcüzə saymaq olarmı?
- Məşqçinin nə qədər planı olsa da, ciddi maliyyə problemin varsa, əlavə nəsə danışmağa ehtiyac yoxdur. Artıq illərdir bu işin içindəyik. Cüzi maaş gecikməsi olan kimi, futbolçularda inamsızlıq yaranır, motivasiya olmur. 1-2 ay maaş gecikən kimi futbolçuları fikir alır ki, görəsən necə olacaq? İstənilən böyük klub ilk növbədə maliyyəni formalaşdırır, sistemləşdirir. Çalışırlar maaşlar gecikməsin, mükafatlar vaxtında verilsin ki, baş məşqçi də onlardan maksimumu tələb edə bilsin. Hər şeyin başında duran maliyyədir. Pul yoxdursa, futbolçular və məşqçilər üçün çalışmaq çox çətindir. "Səbail"də vəziyyət müsbətə doğru dəyişməsə, futbolçular artıq öz adları uğrunda mübarizə aparmalıdırlar. Nəzərə alacaqlar ki, 3 aydan sonra mövsüm bitəcək, başqa komandalardan təklif gəlməsi üçün də döyüşmək lazımdır. "Səbail"də millinin oyunçuları çıxış edirlər. Onlar məğlub olmaq istəmirlər. Mən "Qəbələ"də bu sıxıntıları yaşadım. Mövsümün əvvəlində gecikmələr olurdu ki, bu da komandaya mənfi təsir etmişdi. Mövsümün əvvəlindəki uğursuzluğumuzun səbəblərindən biri də bu idi. Çünki iki ay idi ki, maaşlar verilmirdi. Bu da illik yekun hesabatla bağlı idi. Maaşda gecikmə istər-istəməz təsir edirdi.

"Adlı-sanlı futbolçu heç vaxt baxışa getməz"
- 1992-ci ildən bəri hələ də klublarımız baxışa oyunçular çağırırlar. Və ya futbolçular proqramla, yutubla izlənilib gətirilir. Biz Avropa futbolu ilə nə vaxt ayaqlaşacağıq?

- Burada da maliyyə müəyyən rol oynayır. Məsələn, mən inanmıram ki, "Qarabağ"a kimsə baxışa gəlsin. Adlı-sanlı olan, başqa komandalarda oynaya biləcək futbolçu heç vaxt baxışa getməz. Həmçinin böyük klublar da baxışla oyunçu seçməzlər. Klublarımız fikirləşirlər ki, filan oyunçunu baxışa gətirək, yaxşı olarsa az məbləğ qarşılığında müqavilə bağlayarıq və o, komandaya kömək edər.

- Amma baxışla götürülən oyunçunun da səviyyəsi bəllidir. Heç kimə lazım olmayanlar buna razılıq verər...
- Əsasən gənc futbolçular baxışa çağırılır. Klub rəhbərlərimiz fikirləşirlər ki, ona elə də çox pul xərclənmir, itiriləsi bir şey yoxdur. Menecerlər oyunçuların linklərini atırlar, məşqçilər də proqram vasitəsilə baxırlar.

- "Qarabağ"da baş məşqçi Qurban Qurbanov bəyəndiyi oyunçunu izləmək üçün mövsüm ərzində 2-3 dəfə köməkçisini göndərir. Bunun üçün elə böyük məbləğ də tələb olunmur. Digər klublarımız sanki asan olana qaçırlar. Onlar bu cür edə bilməzlər? 
- Bir futbolçu beynimizdə varsa, fasilə zamanı gedib onu izləmək şansımız olur. Amma proqramların da buna təsiri oldu. Təbii ki, canlı baxmaq tam başqadır, mən də bunun tərəfdarıyam. Amma proqram vasitəsilə futbolçunun bütün göstəricilərini görə bilirsən. Futbolçunun həm fərdi, həm kollektiv şəkildə üstün və zəif cəhətlərini bilirsən. Düzdür, bunlar pullu proqramlardır. İmkanlı klublar ala bilirlər. Eşitdiyimə görə, 10-15 min dəyərində proqramdır. Orada futbolçunu izlədikdən sonra yalnız onun tibbi müayinədən keçməsi qalır. Ancaq yenə də sizinlə razıyam ki, canlı baxmaq daha yaxşı olar.