09:12 15-01-2020
news_image
857
FUTBOL

Hüseyn Məhəmmədov: “Balayev "Tobol"da özünün kim olduğunu sübut etdirməlidir” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi

- "Tobol"un baş məşqçi postuna Qriqori Babayan gəldikdən sonra Emil Balayevin komandada qalıb-qalmayacağında qeyri-müəyyənlik yaranıb. Hətta komandadan ayrı çalışır. Bu məsələyə ümumi şərhiniz necədir?
- Ermənilər əzəli düşmənimizdir. Ona görə hər birimizdə onlara qarşı nifrət var. Sadəcə futbolda məsələ belədir ki, legioner həyatı yaşayırsan və oynadığın komandada erməni də ola bilər. Qaçılmaz variantdır. Bu futbolçunun işidir, o məsələni buna bağlayanda, öz işindən də uzaqlaşırsan. Yəni Emil peşəkar oyunçudur, belə hallarla hər yerdə rastlaşa bilər. Onun Babayana görə komandadan gedib-getməyəcəyini isə zaman göstərəcək. 

- Belə düşünməyiniz nədən irəli gəlir?
- Klubun rəhbərliyi, sahibi var və hər şeyi nəzarətdə saxlayırlar. Düzdür, ermənilərdən o qədər pislik görmüşük ki, onlara etibar da yoxdur. Yəni Babayan da hər şeyə gedə bilər.

- Fikirləşirsiz ki, Qriqori Babayan Emil Balayevin karyerasına zərbə vura bilər?
 - Əlbəttə, Babayan bunu edə bilər. Amma müəyyən amillər var ki, Balayev daima oynaya da bilər. Qapıçımız qalmalıdır və özünün kim olduğunu sübut etdirməlidir. Biz azərbaycanlılar hər yerdə öz sözümüzü deməyi bacaran millətik. Bu prinsip də var.

- Sizcə, Emil Balayevin Azərbaycan millisinin əsas qapıçısı olması Babayanda xüsusi qıcıq yarada bilər?
- Bəli, bu da Babayanda qıcıq yarada bilər. 

- Bəs, Emil Balayevə nəyi məsləhət görərdiz? 
- Emil "Tobol"da, millidə bir nömrəyə çevrilib. Ötən mövsüm də yaxşı performans göstərdi. Digər tərəfdən də inanmıram ki, "Tobol"un bir nömrəsinə çevrilmiş birisinə qarşı, sonradan gələn məşqçi təzyiq göstərsin. Bu məsələ də var. Babayan Balayevə təzyiq göstərsə belə, "Tobol" rəhbərliyi buna göz yummasına da inanmıram.

- Onun Azərbaycana qayıtmaq variantı da var. Sizcə, Balayev bu addımı atması necə qərar olar?
- Yox, onun xaricdə oynaması məsləhətdir. Millinin əsas qapıçısıdır, təcrübə toplamalıdır. Azərbaycan çempionatında hazırda 8 klub mübarizə aparır, yeni mövsümdə 10 komanda olacaq. Legioner həyatı yaşaması onun üçün xeyirlidir. Azərbaycanda 2-3 komanda güclüdürsə, qalanları ortababdır. Buradakı çempionat oyunlarından sonra milli ilə matçlara çıxanda çətinlik çəkəcək. Amma legioner həyatı yaşayanda ordakı futbolun səviyyəsini, atmosferini, istəyini görür. Məncə, o, xaricdə qalmalıdır. Heç nəyə baxmamalıdır, mübarizə aparmalıdır, öz işini davam etdirməlidir, qorxmamalı, çəkinməməlidir. "Tobol"da da, millidə də əsas qapıçıdırsa, heç bir qüvvə ona müdaxilə edə bilməz. Prinsipial və inamlı olmalıdır. Bundan çəkinmək olmaz, heç Balayev çəkinməz də. Bəlkə də Balayev bizdən də çox fikirləşir və Babayana sübut etmək istəyir ki, siz qarşımızda heç kimsiz. Yəni ola bilər ki, Balayevin özündə bu fikir, hiss var. Balayevin "Tobol"da qalıb, özünü sübut etməsi daha yaxşı olar. Biz heç vaxt ermənilərdən qorxmamışıq. “Birlik kuboku”nda "Neftçi"nin heyətində "Pünik"lə oyuna ayağım ağır zədəli ola-ola çıxmışdım. Gücümüzü sübut etdik və qalib gəldik. Bu nədən irəli gəlir? Yəni qorxmamışıq, çəkinməmişik, həmişə erməniləri məğlub etmişik, edəcəyik də. Balayev bu fikirdə olsa, inanmıram ki, yenilə, uduza.