16:09 17-01-2020
news_image
129
FUTBOL

"Keşlə"dən transfer: Futbolçu, yoxsa turist?

Premyer Liqada ilk yarının sürpriz komandası olan "Keşlə"nin ikinci transferi də hücum xətti ilə bağlı olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun Şohruh Qadoyevdən sonra Aleksandr Kristovaonu transfer etməsi də mübahisəyə açıq mövzudur.

Anqolalı forvardın karyerasına nəzər yetirsək, onun "Keşlə"yə nə dərəcədə xeyir verəcəyini təxmin edə bilərik. Hollandiya "Qroningen"inin yetirməsi olan Kristovao cəmi 26 yaşı olmasına baxmayaraq, artıq 8 klubun formasını geyinməyə macal tapıb. 

Hollandiyada "Qroningen" və "Kambur"da möhkəmlənə bilmədikdən sonra 2014-cü ildə vətəninə qayıdan hücumçu 2 il sonra yenidən Avropada gücünü sınamaq qərarına gəlib. Ancaq onun üçün komanda dəyişmək adi hala çevrilib. Müvafiq olaraq, 1 il "Javor-Matis" (Serbiya), il yarım "Zaqlebye" (Polşa), 6 ay "Dinamo" (Buxarest, Rumıniya), 6 ay isə “Al-Mojzel”da (Səudiyyə Ərəbistanı) gün keçirən Kristovao görünür Azərbaycanı da kəşf etmək qərarına gəlib.

Vinger mövqeyində oynamasına baxmayaraq, tipik mərkəz hücumçusu olan Kristovaonun məhsuldarlığı da "göz qamaşdırır". "Qroningen"in U-21 komandasında vurduğu qolları saymasaq, peşəkar karyerasında iki əlin ümumi barmaqlarının sayı qədər fərqlənməyi bacarmayıb. Sonuncu qolunu 2018-ci ildə oktyabrın 29-da vurmuş hücumçudan bəhs edirik.

Maraqlıdır, "Keşlə" rəhbərliyi və məşqçilər korpusu Kristovaoda gənc Xəzər Mahmudovda olmayan nə görüb? Karyerası və rəqəmlər onun Azərbaycana futbolçu yox, turist kimi gəldiyini göstərir. Hər halda, Tərlan Əhmədovun afrikalı oyunçudan xeyir görüb-görməyəcəyini zaman göstərəcək.