17:59 17-01-2020
news_image
857
FUTBOL

Rauf Əliyev: “Nə baş verdi, kim nə etdisə, sonradan oynamaq şansım olmadı”

"Səbail"in yeni transferi Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- “Neftçi”ni "Səbail"ə dəyişdiz. Yeni komandanızda işləriniz necə gedir?
- “Səbail”ə keçidimə görə şadam. Artıq bir həftədir ki, komandaya qoşulmuşam və hər şey də yaxşıdır.

- "Səbail"dən başqa, hansısa klubdan təklif almışdınız? 
- Onlardan gələn təklifi dəyərləndirdim. Əlbəttə ki, məqsədim komandaya kömək etmək, xeyir verməkdir. Məhz buna görə bura gəlmişəm. 

- Sizcə, burada özünüzü göstərmək alınacaq?
- Bunun üçün əlimdən gələni edəcəm. Alınacağına çox inanıram. 

- Komandadan bir çox oyunçu getdi, maddi problemlər olduğu deyilir. Maraqlıdır, bu atmosferdə sıxılmayacaqsınız ki?
- Adaptasiya sarıdan problem ola bilməz. Uşaqların hamısı ilə tanışam. Atmosfer də yaxşıdır, indiyə qədər komandadayam və heç bir çətinlik yoxdur. 

- Bəs "Neftçi"də niyə qalmadız? Orda da yaxşı başlamışdız. Avrokuboklarda oynayırdınız, amma sonradan əsas heyətə düşə bilmədiniz. Bunun səbəbini indi açıqlamaq olar? 
- Bəli, "Neftçi"də hər şey yaxşı başlamışdı. Avropa Liqasının matçlarında da oynayırdım. Çempionat start götürdükdə ara-sıra çıxış etdim. Lakin sonradan ümumiyyətlə oynamadım. Nə baş verdiyini isə özüm də bilmədim.

- Əsas heyətdən uzaq qalmağınız yalnız baş məşqçinin şans verməməsilə bağlı idi?
- Oynamamağımın səbəbi Roberto Bordinin, yoxsa başqa adamların fikri olduğunu bilmirəm. Mənim özüm üçün də maraqlı gəldi. Yəni bu məsələ mənə qaranlıq qaldı. 

- Robert Bordinlə yola getməyin çətin olduğunu deyirlər. Həqiqətən belədir?
- Əslində Bordin o qədər çətin adam deyil. Məni oynatmaq istəyirdi. Bunu istəməsəydi, komandaya qoşulandan oynatmazdı. Avroliqada "Arsenal"la matçda mənə şans verirdisə, çempionat qarşılaşmalarında da bunu edəcəkdi. Nə baş verdi, kim nə etdisə, sonradan mənim oynamaq şansım olmadı. 

- "Səbail" hazırda turnir cədvəlinin yeddinci pilləsindədir. Necə düşünürsünüz, qış fasiləsindən sonra hazırkı mövqedən qaça biləcəksiz?
- Bu yerlərdən çıxmaq istəyirik. Ümidvaram ki, hər şey yaxşı olacaq və biz üst pillələrə qalxacağıq.