23:31 18-01-2020
news_image
74
FUTBOL

"Temp ötən oyundakından yüksək oldu" - Ayxan Abbasov

"Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılaşmada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi".

Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı çərçivəsində "Politexnika İaşi" ilə keçirilən yoxlama görüşünü dəyərləndirərkən deyib.

Abbasov 1:1 hesabı ilə başa çatan görüş barədə klubun mətbuat xidmətinə danışıb. Çalışdırıcı "Kaposvar"a (3:4) qarşı keçirilən ilk yoxlama oyunu ilə müqayisədə komandasının bu gün daha yaxşı təsir bağışladığını vurğulayıb: "Bu gün komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bugünkü qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha yaxşı oyun göstərməyə çalışacağıq".

Qeyd edək ki, "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində daha iki oyun keçirəcək. Ayxan Abbasov yanvarın 21-də "Arka" (Polşa), 25-də isə Karaqandi "Şaxtyor"u (Qazaxıstan) ilə matçda yetirmələrini sınayacaq.