13:07 19-01-2020
news_image
660
FUTBOL

Rail Məlikov: "Redniklə görüşmədim, buna heç ehtiyac da duymadım" - MÜSAHİBƏ

“Sumqayıt”ın kapitanı Rail Məlikovun apasport.az saytına müsahibəsi

- Növbəti yoxlama görüşünü dünən “Politexnika İaşi” klubuna qarşı keçirdiz və 1:1 hesablı bərabərlik qeydə alındı. Oyunu necə dəyərləndirərdiz?
- Normal oynadıq. Əsas odur ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Hər matça necə tapşırıq verilirsə, onun üzərində də oyun qurulur. Bu cür görüşlər çempionata hazırlıq xarakteri daşıyır. Düzdür, Rumıniya klubu ilə görüşdə də baş məşqçinin tapşırıqlarının hamısını yerinə yetirə bilməsək də, çoxuna əməl etdik. Yaxşı mübarizəli, sürətli oyun oldu.

- İlk görüşdən daha yaxşı oynadızmı?
- Hər bir oyuna baş məşqçinin tapşırığı ilə çıxırıq. İlk matçımızda səhvlər çox ola bilərdi, düzgün yerinə yetirməyə bilərdik. İlk oyunda buraxdığımız səhvləri ikinci qarşılaşmada aradan qaldırmağa çalışdıq. Fərqli komandalara qarşı oynadıq və fərqli mübarizə oldu. Əsas odur ki, tapşırıqları yerinə yetirmək üçün oynadıq. Məncə, verilən tapşırıqları iki oyunda da 100 faiz olmasa da, 70 faiz yerinə yetirə bildik.

- İlk oyundakı rəqibiniz Macarıstan klubu idi, dünənki rəqib isə Rumıniyanı təmsil edirdi. Sizcə, klublarımız bu cür ölkələrin klublarından çox zəifdir?
- Bizim klublardan çox güclü və ya çox zəif olduqlarını da deməzdim. Elə aşağı-yuxarı eyni səviyyədə komandalardır.

- “Sumqayıt”ın toplanışı haqda ümumi fikriniz necədir?
- Hər şey yolunda gedir. Zədəli və xəstələnən oyunçularımız olmasaydı, lap yaxşı olardı. Bu toplanışda nədənsə zədəlilər çox oldu. Verilən proqram üzərində işləyirik. Çempionata qədər zədəlilərimizin hazır olacağına ümid edirik.

- Görünən budur ki, komandaya yeni qoşulan olmayacaq. Necə düşünürsüz, transferə ehtiyacınız var, yoxsa hazırkı heyətlə də kifayətlənmək olar?
- Məncə, hazırkı komandamız pis deyil. Bizə qoşulan olacaq, ya yox, ehtiyacımız var ya yox, bunu məşqçilər korpusu daha yaxşı bilər. Bu mənə ünvanlanacaq sual deyil. Yəqin bizi qane edir ki, yeni gələn olmayacaq. Komandamız yaxşıdır.

- “Politexnika İaşi”nin yeni baş məşqçisi Mirça Rednikdir. Onunla oyundan əvvəl və ya sonra görüşdüz?
- Oyunun gedişində rəqibin baş məşqçisinin Mirça Rednik olduğunu bildim. Onun vaxtı ilə “Xəzər Lənkəran”ın baş məşqçisi olduğunu bilirəm, amma şəxsi tanışlığım yoxdur. Redniklə görüşmədim, buna heç ehtiyac da duymadım.

- Siz “Neftçi”də çıxış etdiyiniz zaman o da “Xəzər Lənkəran”ı çalışdırırdı. Heç həmin qarşılaşmalar yada düşmədi?
- Xeyr, böyük oyunlarla bağlı heç nə düşünmədim. Yalandan nə deyim ki, xatırladım? Həmin oyunlar heç yadıma da düşmədi.

- “Sumqayıt”ın ilk yarını çempionatda dördüncü pillədə bitirdi və kubokda yarımfinaldır. Necə düşünürsüz, qışdan sonra da uğurlu çıxış edə biləcəksiniz?
- Məqsədimiz ancaq irəli getməkdir. Xeyirlisi nədirsə, o da olsun. Çalışacağıq ki, nəyi bacarırıqsa, onun uğrunda da mübarizə aparaq. Komandamıza güvənirəm, hamımız da bir-birimizə inanırıq, ən yaxşısını etməyə çalışacağıq. “Sumqayıt”ı ən layiqli yerə qaldırmaq istəyirik.

- “Sumqayıt”ı çempionata neçə faiz hazır hesab etmək olar?
- Onu mən yox, baş məşqçi deyə bilər. Hələ çempionata qədər vaxtımız var. Həmin vaxta qədər komanda 100 faiz hazır olacaq.

- Transfer bazarında aktivlik yoxdur. Bunu nə ilə əlaqələndirirsiz və sizin diqqətinizi daha çox hansı transfer cəlb edib?
- İnanırsınız, heç bir klubla maraqlanmıram. Hətta hansı klubun kimi transfer etməsini də bilmirəm. Niyə gizlədim? Heç bir klubla maraqlanmıram. Kim nə edir-etsin, təki Azərbaycan futbolu üçün yaxşı etsin.