18:17 19-01-2020
news_image
625
FUTBOL

“Neftçi” Arif Əsədovu baş məşqçi postuna gətirməlidir” - Mehmet Ak

“Mən elə gəlir ki, “Neftçi” “Qarabağ”la arasındakı altı xallıq fərqi aradan qaldıra bilməyəcək. Elə bu mövsümün də çempionu “Qarabağ”dır”.

Bunu apasport.az saytına türkiyəli məşqçi Mehmet Ak deyib.

Həm “Qarabağ”, həm də “Neftçi”də işləmiş türkiyəli mütəxəssis Azərbaycan çempionatında gedən çempionluq mübarizəsindən danışıb. Akın sözlərinə görə, “Qarabağ” aşkar favoritdir: “Onlar bu mövsümdə də çempionluğunu elan edəcək. Çünki bu komandanın çox yaxşı oturuşmuş sistemi var, yaxşı baş məşqçisi var. “Neftçi”də isə hələ düzgün sistem qurulmayıb. Buna görə də “Qarabağ”ın cari mövsümdə də çempion olacağını düşünürəm”.

Ağdam klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərmiş Ak bildirib ki, milliləşdirilmiş Riçard Almeydanın gedişi komandaya təsir etməməlidir: “Qarabağ” bir futbolçudan asılı deyil. Bir oyunçunun olmamasının komandaya mənfi təsir edəcəyini düşünmürəm. “Qarabağ”ın yaxşı “altyapı” akademiyası da var. Oradan da yaxşı gənc futbolçuları da əsas komandaya qazandıra bilərlər. Bir oyunçunun bir komanda üstündə böyük təsirinin olacağını düşünmürəm. “Qarabağ” Azərbaycan çempionatında bu və qarşıdakı mövsümdə də rahatlıqla çempionluğunu elan edəcək. “Neftçi”də də, “Qarabağ”da da çalışmışam. Mənim üçün önəmli olan Azərbaycan futbolunun inkişaf etməsidir. Burada da şad olaram. Orada çalışan vaxtı Azərbaycan futbolunun inkişaf etməsi üçün əlimizdən gələni etdik”.

Türkiyəli mütəxəssis italiyalı Roberto Bordini baş məşqçi postundan göndərən “Neftçi”yə bu vəzifəyə Arif Əsədovu dəvət etməyi məsləhət görüb: “Komandanın bəlli strategiyası olur. Bordindən çempionluq, yoxsa sistemi qurmasını istəmələrindən xəbərsizəm. Ola bilsin yeni baş məşqçinin “Neftçi”yə çempionluq qazandıra biləcəyini düşünürlər. Bu, yeni həyəcan olsa da, həm də yeni risk deməkdir. Doğru və ya yalnış edildiyi haqda bir söz deyə bilmərəm. Amma komandanı tanıyan məşqçinin gəlməsi önəmlidir. Məncə, “Neftçi” Arif Əsədovu baş məşqçi postuna gətirməlidir. Çünki Azərbaycan futbolunu yaxşı bilir, millidə də işləyib. “Neftçi”də çempionluq yaşayıb, bu komandada önəmli sistem qurmuşdu. Onların Avropa Liqasında qruplara qaldığı vaxtlarda, əslində həmin komandanın təməlini Arif Əsədov qoymuşdu. Mənə görə Əsədov baş məşqçi postuna gətirilməlidir. Xaricdən məşqçi gətirilərsə, komandanı tanımaq baxımından zaman alacaq. Arif Əsədov və ya Azərbaycanda çempionluq yaşamış digər yerli mütəxəssislərin gəlməsi daha məntiqlidir”.