21:24 20-01-2020
news_image
184
FUTBOL

“Hamı fərqli "Zirə" görəcək” - Orxan Sadıqlı

"Toplanış istədiyimiz kimi gedir. Bizim üçün bütün şərait yaradılıb. Biz də çalışırıq ki, komandaya xeyir verək". 

Bunu apasport.az saytına "Zirə"nin qapıçısı Orxan Sadıqlı deyib.

Komandasının əsas heyət üzvünə çevrilən futbolçu Bakı təmsilçisinin Türkiyədəki toplanışı barədə danışıb. O, "Ümraniyəspor"(0:3) və "Sepsi"(2:0) klublarına qarşı keçirilən yoxlama görüşləri haqda bunu deyib: "Məşqçilərimizin tutduğu plan üzrə gedirik. Ciddi zədəlilərimiz yoxdur. Hamı məşq edir, hazırlaşır. Əksər məşqlərdə yükləmələr olur. Yoxlama görüşlərində nəticə önəmli deyil. Əsas komandanın hansı durumda olmasıdır. "Ümraniyəspor"la oyunda onlardan zəif deyildik. Sadəcə onlarda yaxşı alınmışdı, şansları gətirdi. "Sepsi" ilə görüşdə isə bizdə daha üstün oynadıq, komandamız daha yüngül, aqressiv idi, oyuna yanaşmamız daha yaxşı idi. Toplanış dövrü elədir ki, zəif rəqibə uduza, güclüyə qalib gələ bilərsən.  Vacib olan çempionata hazırlaşmaq və komandamızın durumudur. Hamı ikinci yarıda tam fərqli "Zirə" görəcək".

O, komandanın yeni transferli Ağabala Ramazanov, Davit Volkov və Ali Sesay haqda da danışıb: "Transferlərimiz haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Baş məşqçimizin seçdiyi oyunçulardır. O, hansı mövqedə kimə ehtiyacımızın olduğunu bizdən yaxşı bilir. Sadəcə onu deyə bilərəm ki, yanvardakı transferlərimiz əsl nöqtə transferlərdir. Mən inanıram ki, yeni gələnlərin  hamısı xeyir verəcək. Ali Sesay ilə məşqlərdə arada söhbət edirik. Yaxşı insandır, keyfiyyətli də oyunçudur. Pik formasında deyil, özü də bilir. Amma ona baxan kimi keyfiyyətli futbolçu olduğunu dərhal görmək mümkündür. "Arsenal" və "Lester"də oynamasından danışmır. O barədə heç soruşmamışıq. Xasiyyəti də yaxşıdır, komandaya tez adaptasiya oldu. Əsas odur ki, bütün yeni gələnlər xeyir versin".