15:37 21-01-2020
news_image
2048
FUTBOL

"Krallıqdan" imtina edən, Avstriyada “siqnal” verən istedad: ac qalıb... - "Ulduzlar"

Cari mövsüm mükəmməl performans oraya qoyan "Liverpul"un hücumçusu Sadio Manenin Afrikada ilin futbolçusu mükafatını qazanması uzun müddət müzakirə mövzusu olub.

Apasport.az saytının məlumatına görə, o, komanda yoldaşı Məhəmməd Salah və "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrezi geridə qoyub, 18 ildən sonra titulu Seneqala aparıb. Həmyerlilərindən axırıncı dəfə El Haci Diuf (2001, 2002) bu mükafatı əldə edib.

"Ulduzlar" rubrikasının budəfəki qəhrəmanı olan Mane Afrikada ilin ən yaxşısı seçilən 18-ci fərqli oyunçu olub. "Liverpul"un Çempionlar Liqasını qazanmasında və Seneqal yığmasının Afrika Millətlər Kubokunda ikinci yeri tutmasında onun müstəsna rolu olub.

Ac qalıb, tarlada işləyib
Mane milyonlar qazanmasına, dünyanın ən yaxşı futbolçularından biri olmasına baxmayaraq, sadəliyi ilə seçilir. Azarkeşlərdən birinin ona "kral" deməsi hətta 28 yaşlı oyunçunu özündən çıxarıb: "Xeyr, xeyr, mən kral deyiləm. Niyə 10 "Ferrari" avtomobili, 20 qızıl saat və ya iki təyyarə istəyim? Bunlar mənə və dünyaya nə qazandıracaq? Ac qaldığım, tarlada işləmək məcburiyyətində olduğum zamanlar yaddaşımdadır. Çox çətin vaxtlar keçirdim. Mənim təhsilim yoxdur, qazandığım hər şeyə görə futbola borcluyam. Bu səbəbdən ölkəmə kömək edirəm".

Pulsuzluqdan məktəbi atıb
1992-ci il aprel ayının 10-da Seneqalın Sedhiu kəndində anadan olan Sadionun atası oradakı məscidin imamıdır. Sadio Bambali kəndində əmisi və əmisi uşaqlarının da olduğu 10 nəfərlik evdə böyüyüb. Maddi çatışmazlıq ucbatından məktəbi yarımçıq atan Sadionun uşaqlığı işləyərək və dostları ilə küçədə futbol oynayaraq keçib. Onun ən böyük arzusu futbolçu olmaq idi. Yaşadığı yeri 15 yaşında tərk edərək Dakara yollanıb, "Generation Foot" klubunda futbola başlayıb. Çox qısa müddət sonra skautların diqqətini cəlb edib. Nəticədə 2011-ci ildə "Metz"in B komandasına transfer olunub. Cəmi bir mövsüm formasını geyindiyi Fransa təmsilçisinin heyətində 22 oyunda iştirak edib, 2 qola imza atıb. 2012-ci ildə "Zalsburq" onu heyətinə qatıb. Avstriya klubundakı ilk mövsümündə 19 qol vuraraq ilk siqnalı verib. Sürəti və texnikası ilə Avropa nəhənglərinin diqqət mərkəzinə düşmüşdü artıq.

Dünyanın 5-ci dəyəri
Avstriya klubunda keçirdiyi 87 rəsmi matçda 45 qola imza atan Maneni 4 milyon avroya alan "Zalsburq" 2014-cü ildə 23 milyon avro qarşılığında "Sauthempton"a satıb. 25 qollu performansla yüksəlişini orada da davam etdirib. Yekunda 2016-cı ildə "Liverpul" onun keçidi üçün 41 milyon avro ödəyib.

Hazırda Mane Avropanın 5 böyük futbol ölkəsi sayılan İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransada çıxış edən futbolçular arasında ən dəyərli "10-luq"dadır. “CİES Football Observatory” araşdırma mərkəzi 155,6 milyon avroluq qiymətlə seneqallını dünyanın ən dəyərli 5-ci futbolçusu hesab edib.

Kəndinə etdiyi köməkliklər
Gündə 5 vaxt vacib namazını qılır, Qurani-Kərimi oxuyur və İslam dininin tələblərinə əməl etməyə çalışır. Yoxsulluq içində böyüyən Mane pulun dəyişmədiyi nadir insanlardan biridir. Qazancının böyük hissəsini xeyir işlərə xərcləyir. Anadan olduğu kənddə məktəb tikdirib, məscid və xəstəxana inşa etdirib. Vurduğu qollardan sonra səcdəyə getməklə hər şey üçün Allaha minnətdarlığını bildirir. Onunla bağlı paylaşılan bir video isə xüsusi maraq cəlb etmişdi. Həmin videoda Manenin məscidin tualetini təmizlədiyi çəkilib.

Bu mövsüm Premyer Liqada məğlubiyyətsiz çempionluğa doğru inamla irəliləyən "Liverpul"un parlaq çıxışına Manenin verdiyi töhfə danılmazdır. 11 qolla "qırmızılar"ın ən məhsuldar oyunçusudur və 6 assistlə də diqqət çəkib. Çempionlar Liqasının qrup mərhələsində isə aktivinə 2 qol yazdırıb.

Özü haqda dedikləri:
- Özümü tanıyandan sürətliyəm. Bu mənim təbii halımdır. Bunun üçün xüsusi çalışma etməmişəm, Allahın bəxş etdiyi özəllikdir. Sürətimə görə uşaq vaxtı həmişə məni yarışlara göndəriblər. Uzun məsafəyə qaçışlarda da pis deyildim.

- Bütün çətin vaxtlarımda Allaha sığındım və Qurani-Kərimi oxudum. Din mənim üçün çox önəmlidir. İslamın qanunlarına hörmətlə yanaşıram, hər gün namazlarımı qılıram.

- Bədənimə yaxşı bələdəm, nəyin yaxşı olacağını bilirəm. Xüsusi aşpazım var, mənə uyğun yeməklər bişirir. Sağlam qidalanmağı sevirəm, spirtli içki içmirəm. Həyatım boyu dilimə dəyməyib. Həmçinin heç vaxt siqaret də çəkməmişəm.

- Uşaq vaxtı ayaqqabılarımı geyinib sadəcə qaçırdım. Heç vaxt velosipedim olmayıb, hər yerə qaçaraq getmişəm.

- El Haci Diuf izləməkdən zövq aldığım ilk futbolçu olub. 2002-ci ildəki dünya çempionatında Fransaya vurduğu qolu xatırlayıram. Həmin oyunu izləmək üçün məktəbdən qaçıb dostumun evinə getmişdim. Diuf əsl qəhrəman idi.

- Peşəkarsınızsa, hər şeyə hazır olmalısınız. Bəzən istədiyiniz kimi getməyə bilər. Məsələn, zədələndiyim zaman mənim üçün asan olmur. Sağalmaq üçün dərhal bir yol axtarıram. Mövsümün əvvəlində bir mövsümlük istirahət verilmişdi. Mən də həkimə gedib müayinə olunmuşdum.

- 28 yaşın varsa, hər şeyi qazandığını düşünməməlisən. Hələ də nəsə öyrənməyə çalışıram. Nə qədər irəliləyəcəyimi bilirəm. Bunun üçün də durmadan çalışıram.

- 15 yaşım olanda yaşadığım yeri tərk edib, Seneqalın paytaxtı Dakara getdim. Çamadanımı topladım, atam kimi sevdiyim birindən yardım istədim və yolum açıldı. Gedəcəyimi heç kimə deməmişdim. Hətta atam və anam da bilmirdilər. Getdikdən sonra narahat olmuşdular. Məni tapmaq və geri qaytarmaq üçün adam göndərmişdilər.

- Ailəmdə heç kim futbolçu olacağıma inanmamışdı. Məktəbdən çıxdıqdan sonra "futbolçu olmağı bu qədər çox istəyirsənsə, yoxla" dedilər. Mən də yoxladım.

- Nabi Keytanın "Liverpul"a gəlişinə çox sevinmişdim. Çünki o, mənim üçün dost yox, qardaşdır. "Liverpul" onunla maraqlananda da, Keytayla gəlməsi üçün tez-tez söhbətlər edirdim.

- Yurgen Klopp "Borussiya"da olanda da məni istəmişdi. Həmin vaxt "Zalsburq" gedişimə icazə verməmişdi. Klopp "Liverpul"a getdikdən sonra yenidən təklif etdilər. Doğru komandada doğru məşqçi ilə işləmək imkanı yaxaladım.