12:54 22-01-2020
news_image
160
DİGƏR NÖVLƏR

“Sirkdə çalışdığım iki il ərzində ciddi təkliflər almışdım” – Ramil Quliyev

"Atletika fərdi idman növüdür. Burada özümüzlə yarışırıq. Yarışlarda ən yaxşı dərəcəmi göstərsəm, mənə bəs edər".

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə yığmasının şərəfini qoruyan dünya və Avropa çempionu yerli mətbuata geniş müsahibə verib. Quliyev atletikaya gəlmək tarixindən bəhs edib. O, buna qədər hətta sirkdə çalışdığını da etiraf edib: "Atletika ilə məşğul olmazdan əvvəl fərqli yerlərdə işləmişəm. Məsələn, sirkdə akrobatlara kömək etmişəm. Əslində kompüter mühəndisi olmaq istəyirdim. Önəmli şirkətlərdən təkliflər də almışdım. İdmançı olmasaydım, yəqin ki, bu sənəti seçəcəkdim. İdmanda uğur qazanınca da atlet olmaq qərarına gəldim. Halbuki sirkdə çalışdığım iki il ərzində ciddi təkliflər almışdım".

Rusiyalı atlet Yekaterina Zavialova ilə evli olan Quliyev tezliklə ata olmağa hazırlaşır. Həmyerlimiz xanımının hamiləliyin son günlərində olduğunu və tezliklə qız uşaqlarının dünyaya gələcəyini söyləyib: "İndidən çox sevincliyəm. Hərə qızıma bir ad düşünür. Doğulduqdan sonra qucağımıza aldığımız zaman qızımızın adını müəyyənləşdirəcəyik. Amma 99 faiz adı Aylite olacaq".

Ramil Quliyev sonda Tokio-2020 Yay Olimpiya Oyunlarında hədəfinin qızıl medal olduğunu bir daha vurğulayıb.