21:46 25-01-2020
news_image
53
FUTBOL

“İstədiyimizi onlardan ala bildik” – Elmar Baxşıyevdən razılıq

“Təlim-məşq toplanışı planlaşdırdığımız kimi keçdi. Nəzərdə tutulduğu kimi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəmizi sınadıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələn (2:2) “qırmızı-qaralar”ın çalışdırıcısı görüş və ümumilikdə hazırlıq barədə fikirlərini açıqlayıb: “Sevindirici odur ki, bu matçlarda bütün oyunçulara şans verdik. Hər futbolçu şans qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Günü-gündən komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Bugünkü matçda da bunun şahidi olduq. Görüşdə müsbət məqamlar çox idi. Müəyyən çatışmazlıq da var. Onu da yaxın gələcəkdə aradan qaldıracağıq. İndidən bütün fikrimizin XV turun “Keşlə”yə qarşı oyunu ilə bağlı olduğunu demək olmaz. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.