00:24 26-01-2020
news_image
134
FUTBOL

“İstədiyimiz performansda deyilik” – Qurban Qurbanov

"Bir gündə iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım”. 

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

48 yaşlı mütəxəssis Türkiyə toplanışındakı sonuncu iki yoxlama oyunu barədə fikirlərini açıqlayıb. O, eyni gündə baş tutan qarşılaşmalardakı məğlubiyyətlərə baxmayaraq yetirmələrindən razı qalıb: “Bütün futbolçular demək olar, matçlarda 90 dəqiqə iştirak etdilər. Hər iki komanda bizim üçün çox yaxşı rəqib oldu. Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplantının sonlarında çox vacib idi”.

Q.Qurbanov ümumi toplanış və hazırlığı da dəyərləndirib: “Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım. Bundan əlavə, hazırlığımız pis keçmədi. Düzdür, son bir neçə gündə yorğunluq var idi. Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi. Hər bir oyunçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik. Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan çalışıb, maksimum istifadə edəcəyik".

Qeyd edək ki, “Qarabağ” Çexiya “Siqma”sına 1:3, Polşa “Visla”sına (Plotsk) 2:3 hesabı ilə uduzub.