12:19 29-01-2020
news_image
265
TOP OYUNLARI

“MBA-da azərbaycanlı ada da rast gələcəyimizə ümid edirəm” - FOTOSESSİYA

Azərbaycanda yeni yaradılan basketbol yarışının açılışı və təqdimat mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Milli Basketbol Assosiasiyasının (MBA) həm oğlanlar, həm qızlar arasında 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqası ictimaiyyətə təqdim olunub.

Mərasimdə fəxri qonaq kimi MBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual qatılıb. Tədbirdə həmçinin Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və digər qonaqlar iştirak ediblər.

Yarışın açılış və təqdimatından öncə helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca söz alan Gənclər və İdman naziri Azad Rəhimov layihənin uğurlu alınacağını vurğulayıb: "İlk dəfə olaraq Azərbaycanda dünyada məşhur, milyonlarla azarkeşi olan MBA-nın aşağı yaş qrupları üzrə birincilik keçiriləcək. 75 ölkədə 51,5 milyondan artıq yeniyetməni birləşdirən layihədir. Bu çox sevindiricidir. İnanıram ki, basketbolun inkişafına təkan verəcək. Boks, güləş, cüdo və bir sıra növlərində Olimpiadada uğurlar qazanırıq. Biz komanda növlərində - futbol, həndbol, voleybol, basketbolda da bunu gözləyirik. Basketbolda da maddi-texniki baza yüksəkdir. Bu gün başlanılan işin uğurlu olacağına inanıram. Bu layihə ilə  MBA-nın qapıları azərbaycanlı uşaqlar üzlərinə açılacaq".

Firudin Qurbanov basketbola məktəblərdə xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu, yeniyetmə idmanı üçün atılan vacib addımdır. 

Çingiz Hüseynzadə layihənin yaxın vaxtlarda öz bəhrəsini verəcəyinə inam ifadə edib.

Xesus Bueno Paskual qeyd edib ki, Azərbaycanda olmaqdan məmnundur: "Bu layihə çox faydalı və möhtəşəm olacaq. Bu il liqada uşaqların sayını 60 milyona çatdırmağı  planlaşdırırıq. İnanıram ki, Azərbaycan üçün də uğurlu alınacaq. Burada çempion olacaq komanda artıq MBA birinciliyinə qatılacaq və bu da ölkə basketbolu üçün mühüm əhəmiyyət kəsb edəcək. Bunun üçün Azərbaycan Basketbol Federasiyasına minnətdarlığımı bildirirəm. Biz hələ proqramın təməlini qoyuruq. İnanıram ki, gələcəkdə bu peşəkar səviyyəyə yüksələcək və gənclər də mübarizəyə qoşulacaq". 

Örl Litzenberger də layihənin uğurlu alınacağını deyib:  "3 gün öncə məşhur basketbolçu Kobi Brayantın ölümünə mən də məyus oldum. O, 1996-cı ildə "Los-Anceles Leykers"in formasını geyinməklə, MBA-nın nüfuzunun qalxmasında xüsusi pay sahibi olub. Layihəyə  gəlincə, bu, bir daha basketbolun dünyada çox məşhur olmasının göstəricisidir. Tezliklə MBA-nın komandalarında azərbaycanlı ada da rast gələcəyimizə ümid edirəm. İnanıram ki, Azərbaycan komandalarının uğurlarını birgə izləyəcəyik".

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov Jr.MBA liqasının əhəmiyyətindən danışıb və uğurlu gələcəyə inam ifadə edib. O bildirib ki, gələcəkdə universitetlərarası yarışların da keçirilməsi nəzərdə tutulub. 

O, məktəblərin və yeniyetmələrin necə seçiləcəyinə də aydınlıq gətirib: "Seçim Azərbaycan birinciliklərinə qatılan məktəblərdən başlayacaq. Orada ən güclülər müəyyənləşəcək və yarışda iştirak hüququ qazanacaqlar. Məsələn, 3 il əvvəl Gürcüstanda bu liqa yarananda cəmi 37 komanda var idi. Bu gün isə say 300-ə çatır. Azərbaycanda da belə olacağına hər birimiz inanırıq. Proqramın fəlsəfəsinə əsasən, ilk ildə oğlan və qız komandaları ayrı da, hər ikisi eyni kollektivdə də ola bilər".

N. Nəsibov liqanın finalında məşhur basketbolçunun Azərbaycana dəvət ediləcəyini və MBA üzüyünü də məhz onun yeniyetmələrin barmağına taxacağını qeyd edib: "Maliyyə məsələlərinə gəlincə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi həmişə bizə dəstək olub. Yarış təşkilatçıları da bu dəfə bəzi köməklikləri edəcəklərinə söz veriblər".  

MBA rəsmisi layihə qalibinin Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil edə biləcəyindən də danışıb. Onun sözlərinə görə, ilkin olaraq, layihə 4 il davam edəcək.

Qeyd edək ki, Jr.NBA Azərbaycan Liqasında 30 komanda 2 konfrans və 2 divizionda mübarizə aparacaq. Komandalar MBA klublarının adlarını daşıyacaq.