10:15 31-01-2020
news_image
282
FUTBOL

“Sabah” öncə müqavilə təklif etdi, sonra...” - Erik Ramos

"Azərbaycan Premyer Liqasının oyunlarını diqqətdə saxlayıram. Amma əsas "Neftçi"nin görüşlərini izləyirəm". 

Bunu apasport.az saytına “Neftçi” və “Sabah”ın sabiq paraqvaylı futbolçusu Erik Ramos deyib.

Hazırda ölkəsində çıxış edən dayaq yarımmüdafiəçisi Azərbaycandan ayrılmasını xatırlayıb. O bildirib ki, “Sabah”dan ayrılığının səbəbi hələ də özü üçün qaranlıq qalıb: “Orda mənimlə bağlı nə baş verdi, anlamadım. Sanki “sürpriz” oldu. Çünki onlar öncə mənə müqavilə təklif etdilər, daha sonra isə "yox" dedilər. Həqiqətən də nə baş verdiyini anlamadım. "Sabah"dan ayrılandan sonra Azərbaycandan təklifim olmadı. Lakin Azərbaycana qayıtmağı çox istəyərdim. Çünki ölkənizi sevirəm, orada 5 ildən çox futbol oynamışam, hər şey də gözəl olub".

Ramos "Sabah" hazırkı durumu barədə də danışıb. Paraqvaylı paytaxt təmsilçisinin uğursuz çıxışının səbəbini açıqlamaqda çətinlik çəkib: "Marko Deviçi də geri qaytardı. O, böyük təcrübəsi olan yaxşı hücumçudur. Bilirsiz, "Sabah"ın futbolçu heyəti çox yaxşıdır, komandada güclü futbolçular yer alıb. Lakin nəticələri yaxşı deyil. Onlar hazırda turnir cədvəlinin son pillələrində olan komandalardandır".

33 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini keçirdiyi "Neftçi"nin baş məşqçisini dəyişməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu, ürəkdən bağlı olduğunu komandanın çempion olmasında mühüm rol oynaya bilər: “Görünür ki, klubun yeni layihəsi var və onlar yerli məşqçi ilə yollarına davam etmək istəyirlər. Məncə, "Neftçi"nin çempionluq şansı hələ də var. Xal fərqi də çox deyil. "Neftçi" mənim həyatımdadır. Bu klub mənə Avropa Liqasının qrup mərhələsində oynamaq şansı yaradıb, onlarla Azərbaycan çempionluğu və kuboku qazanmaq sevinci yaşamışam. "Neftçi" daima mənim ürəyimdə olacaq".

Qeyd edək ki, təcrübəli futbolçu 2012-2016-cı illərdə "Neftçi"də, 2018-ci ildə "Sabah"da çıxış edib.