10:39 01-02-2020
news_image
5163
FUTBOL

Mario Souza: “Heç bir klub "Xəzər Lənkəran" - "Neftçi" görüşlərinin cazibəsini söndürə bilməz” - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Mario Souzanın apasport.az saytına müsahibəsi

- Artıq tarixin yaddaşına köçmüş "Xəzər Lənkəran"ın ən yaddaqalan futbolçularından olmusuz. Hazırda nə işlə məşğulsunuz?
- Futbol sahəsində çalışıram. Bir neçə kluba futbolçu keçidində yardımçı oluram. Doğrusu, Azərbaycan futbolu ilə o qədər də yaxından maraqlanmıram. Sadəcə, arada baxıram və görürəm ki, mənim orada oynadığım dövrlərlə müqayisədə meydanlar düzəlib, yaxşı stadionlar var.

- Azərbaycan klubları ilə də çalışırsınız?
- Bəlkə də yaxın vaxtlarda onlarla da işləyəcəm. Əslində mən özüm də bunu istəyirəm. Həyatdır da, bilmək olmaz. Azərbaycanda yaxşı dostlar qazanmışam.

- "Xəzər Lənkəran" son dəfə 2015/2016 mövsümündə Premyer Liqasında çıxış edib. Hazırda bu klubun Azərbaycan çempionatında olmamasını necə şərh edərdiz? 
- Nə deyə bilərəm ki? Azərbaycan futbolu “ağ-yaşıl” parıltını itirdi. Görünür ki, həmin sevgi başa çatdı. Buna çox təəssüf edirəm. 

- "Xəzər Lənkəran"da oynadığınız dönəmdə ən əsas rəqibiniz "Neftçi" idi. Maraqlıdır, heç bu klubda oynamaq imkanınız olmuşdu?
- Futbolçu olanda daima ən yaxşısı haqda düşünürsən. Lakin sən "Xəzər Lənkəran"da xoşbəxtsənsə, sənin heç bir dəyişikliyə ehtiyacın olmur. Onsuzda bütün klublar və hamı mənim fikrimi yaxşı bilirdi.

- Daha çox "Xəzər Lənkəran" - "Neftçi" oyunları yaddaqalan idi. Bəs siz hansı “Böyük oyun”u fərqləndirərdiz? 
- 2008-ci ildə Bakıda vacib oyunda Rəşad Abdullayevin qolu ilə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlmişdik. Bütün matçlar yaddaqalandır, amma mən məhz həmin görüşü qeyd edərdim. 

- "Xəzər Lənkəran"ın dağılmasının əsas səbəb kimi nəyi göstərərdiz?
- Bu haqda danışmaq çətindir. Onlar klubu satmaq və ya başqa klublarla ortaq işləmək üçün heç vaxt narahat deyildilər. Hazırkı gündə örnək olmaq üçün hər şeyə sahib idilər. Çox təəssüf ki, biz "Xəzər Lənkəran"ı itirdik. Çətindir, amma belə alındı.

- Xəzər Lənkəran"dan ayrılan bəzi futbolçular klubun ona borcu olduğundan FİFA-ya şikayət edirdilər. Maraqlıdır, klubdan bütün pullarını ala bilmişdiniz?
- Mən bu haqda danışmağı sevmirəm. Amma onu deyə bilərəm ki, bu klubun formasını geyinəndə mənə zamanında maaşımı ödəyirdilər.

- Hazırda Azərbaycanda əsas rəqabət "Qarabağ" və "Neftçi" arasında gedir. Sizcə, bu, "Xəzər Lənkəran" - "Neftçi" oyunun effektini verə bilərmi?
- Heç vaxt heç bir klub "Xəzər Lənkəran" - "Neftçi" arasında oynanılan möhtəşəm görüşlərin cazibəsini söndürə bilməz. Meydanda və meydandan kənarda hamı bir-birinə hörmətlə yanaşırdı. Amma hakim fiti çalan kimi ürəklər döyünürdü, hamı qələbə üçün oynayırdı. Unudulmaz qarşılaşmalar idi. Evdə oynayanda hamı bizdən qorxurdu. Azarkeşlər daim arxamızdaydı. Hücumda oynamağı düşünən, bundan qorxmayan baş məşqçimiz də var idi. 

- "Xəzər Lənkəran" azarkeşlərinin də ən sevimli və unudulmaz oyunçularından idiniz. Fanatlarla aranızdakı münasibəti necə xatırlayırsınız?
- Həmin günlərə qayıdanda indi də ağlayıram. Siz azarkeşlər arasındakı fərqləri bilirsiz. "Xəzər Lənkəran" azarkeşləri həm qələbə qazananda, həm də uduzanda bizim arxamızda idilər. Bunu daima bilirdik. Hər şeyin başa çatdığın düşünəndə belə azarkeşlər bizi ayıldırdı, dəstək olurdular. Bu sadəcə ağlasığmaz bir şeydir, mən belə dəstək görməmişəm. Həqiqətən də "Xəzər Lənkəran" azarkeşləri üçün çox darıxıram.