11:19 25-06-2008
news_image
510
DİGƏR NÖVLƏR

Azərbaycan boksçularından dördü Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr arasında boks üzrə XIII Avropa çempionatında ¼ final mərhələsinin döyüşləri başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Rasim Məmmədovun rəhbərliyi altında Plovdivə ezam olunan təmsilçimizdən 4-ü yarımfinala yüksəlib. Salman Əlizadə Tal Sadehi (İsrail) 11:3, Elnur Zeynalov (48 kq) Avtandil Çubabriyanı (Gürcüstan) 13:12, Fərid Mansurov (54 kq) Əli Həmzəni (İtaliya) tam üstünlüklə, Tamerlan Abdullayev (57 kq) David Kanalası (Macarıstan) 8:7 hesabı ilə məğlub edərək özləri üçün minimum bürünc medalı təmin ediblər. Emil Əhmədovla (66 kq) Hacıbaba Hacıbabayev (+80 kq) isə müvafiq olaraq rusiyalı və ukraynalı rəqiblərinə tam üstünlüklə uduzaraq mübarizəni dayandırıblar. Yığmamızın digər iki üzvü - Anar Əliyevlə (50 kq) Elvin İsayev (52 kq) yarımfinala yüksəlmək üçün bu gün rinqə çıxacaqlar.
Avropa çempionatına iyunun 28-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.