12:00 25-06-2008
news_image
406
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov reytinq cədvəlində bir pillə geriləyib

Bakı. Kənan Həsənov - APA-Sport. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2007/2008 mövsümündə keçirilən turnirlərin nəticələrinə əsasən yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 88 kişi qrossmeysterin sıralamasında yer alan təmsilçilərimizdən ikisi geriləyib. ACP-nin təqviminə daxil olan 8 yarışda iştirak edən milli komandamızın lideri Teymur Rəcəbov bir pillə geriləyib. Hesabında 1527 xal olan 21 yaşlı qrossmeysterimiz 8-ci sırada qərarlaşıb. Yığmamızın digər üzvü, 7 turnirə qatılan Vüqar Həşimov isə iki pillə geriləyib. Bakıda təşkil olunan Qran-Pri turnirində qalib gələn şahmatçımız 1174 xalla 13-cü yeri tutub. Cəmi iki turnirdə çıxış edən Namiq Quliyev (65 xal) 70-ci sıradakı mövqeyini qoruyub. Siyahıya iştirak etdiyi 15 yarışın yekununa əsasən, 3058 xal toplayan Vasili İvançuk başçılıq edir. Ukraynalı şahmatçını 1987 xalla (7 turnir) hindistanlı dünya çempionu Vişvanatan Anand izləyir.