16:21 05-02-2020
news_image

Dəyişməz “səkkizlik” – Avropa çempionatı üçün

İtaliyanın paytaxtı Romada keçiriləcək güləş üzrə Avropa çempionatında çıxış edəcək qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yarışa hazırlıq məqsədilə Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışını davam etdirən millimizin 8 üzvü bu yarışda qüvvəsini sınayacaq.

Fevralın 10-da İtaliyaya yollanacaq heyətdə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq. 

Bu heyət ötən il Rumıniyanın paytaxtı Buxarestdə də ölkəmizi təmsil edib. Manolova qızıl, Kolesnik, Qəmbərova və Omelçenko bürünc medal qazanıb, yığma komanda hesabında 4-cü yeri tutub.

Qeyd edək ki, fevralın 10-16-da keçiriləcək çempionatda mübarizə aparacaq sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın heyəti bir gün əvvəl açıqlanıb.