11:17 06-02-2020
news_image
1104
FUTBOL

Zədələrin “bitirdiyi” karyera

Yaşasaydı, bu gün 60 yaşı tamam olacaqdı.

Apasport.az saytının məlumatına görə, söhbət Azərbaycan futbolunun tanınmış simalarından olan Ələddin Ələkbərovdan gedir.


OİK- "Araz Naxçıvan" - “Neftçi”
"Neftçi"nin sabiq futbolçusu sağ olsaydı, bu gün ailəsi ilə birlikdə yubileyini qeyd edəcəkdi. Təəssüf ki, ölüm ötən il onun qapısını döyüb və dünyadan tez köçməsinə səbəb olub.

Ələkbərov öz dövründə hər kəsə nəsib olmayacaq "Neftçi" formasını geyinməyi bacaran futbolçulardandır. Karyerasından çox nümunəvi insanlığı, qazandığı hörməti ilə hər kəs tərəfindən sevilib.

Ələkbərov Ələddin Səfalı oğlu 1960-cı ilin məhz bu günündə - fevral ayının 6-da anadan olub. Uşaqlığından futbola böyük sevgisi olub, əksər yeniyetmələr kimi, o da məhəllədə oynamaqla başlayıb. "Sevinc" kuboku turnirindəki çıxışı futbola gəlişinə təkan olub. 10 yaşında məhz həmin yarışda Yuri Dmitriyev tərəfindən bəyənilərək, OİK-ə (Bakı) cəlb olunub. İstedadlı futbolçu olduğundan, orada özündən iki yaş böyüklərin yarışında çıxış edib. Bir müddət "Araz Naxçıvan"ın da formasını geyinən Ələkbərov ardından "Neftçi"nin hazırlıq qrupuna dəvət alıb. Özü də dövrünün ən güclü məşqçilərindən sayılan Ruslan Abdullayev tərəfindən. 1977-ci ildə - 17 yaşında yüksək liqaya qayıdan "Neftçi"yə cəlb olunub. Həmin vaxt isə hələ 10-cu sinifdə oxuyurdu.

20 yaşında debüt – 1 nömrəli komandada
O dövrlərdə "Neftçi"də oynamaq üçün ora dəvət edilmək kifayət etmirdi. Əsas komandada yer almaq üçün əvvəlcə əvəzedicilərdə "bişmək" tələb olunurdu. 1979-cu il Ələddin Ələkbərov üçün olduqca uğurlu alınıb. Məhz onun kapitanlıq sarğısını daşıdığı "Neftçi"nin ikinci komandası əvəzedicilərin SSRİ çempionatında 2-ci yeri tutub ki, bu da ən yüksək nəticə idi. Əvəzedicilərdə oynamaqla yanaşı, əsas kollektivə də tez-tez cəlb olunur, oyunlarda ehtiyatda otururdu. "Neftçi"də rəsmi debütü isə 1980-ci ilə təsadüf edib. Zarafat deyil, milli hesab edilən ölkənin bir nömrəli komandasında 20 yaşda debüt etmək nadir hallarda baş verərdi. Artıq Rəşid Özbəyov, Asim Xudiyev, İqor Ponomaryov, İsgəndər Cavadov, Maşallah Əhmədov kimi tanınmış simaların əhatəsində idi. İlk oyununu həmin vaxt Donetsk "Şaxtyor"una qarşı keçirib. Maraqlıdır ki, meydana çıxdıqdan cəmi 10 dəqiqə sonra qol hesabını da açıb. 1981-ci il mayın 13-də Minskdə yerli "Dinamo" ilə qarşılaşmanın 89-cu dəqiqəsində vurduğu qol sayəsində isə "Neftçi"yə 1 xal qazandırıb - 1:1. Sonradan "Olimpiya dünyası" qəzetinə açıqlamasında həmin vaxt zədəli olduğunu, lakin meydana çıxmaq üçün bunu baş məşqçi Əhməd Ələsgərovdan gizlədiyini etiraf etmişdi.

Zədələr karyerasına son qoydu
"Neftçi" karyerası yüksələn qrafik üzrə davam edirdi. İlk ilində 6, ikinci ilində 17 matçda "flaqman"ın formasını geyinmişdi. Lakin ardıcıl bəxtsiz zədələr Ələkbərovun yaxasını buraxmadı. Nəticədə "Neftçi"də 4 il qala bildi, çempionat və kubok daxil olmaqla, ümumilikdə 64 matçda meydana çıxdı, 2 qola imza atdı. Zədələrdən artıq təngə gələn futbolçu 1984-cü ildə "Neftçi"dən ayrılanda karyerasını birdəfəlik bitirmək fikrinə düşüb. Ancaq sonradan yeni yaranmış "Gənclik" komandasının dəvətini qəbul edib. Ora keçməsinin əsas səbəbi keçmiş komanda yoldaşlarının bir neçəsinin də "Gənclik"in heyətində yer alması idi. İki mövsüm orada çıxış edib, kapitanlıq sarğısını daşıyıb. Maraqlıdır ki, 1985-ci ilin əvvəlində Vyaçeslav Solovyovun dövründə "Neftçi"yə qayıtmaq variantı yaransa da, təklifi müsbət cavablandırmayıb. Ardıcıl ağır zədələrə dözməyən mərhum müdafiəçi sonunda futboldan getmək qərarına gəlib.

Ələddin Ələkbərov karyerasını bitirdikdən sonra futbolla əlaqəsini birdəfəlik kəsib. Bir müddət "Samsung" firmasında menecer kimi fəaliyyət göstərib. Lakin futbol sahəsində ən yaxın dostu olan Oqtay Abdullayev sonradan onu yanına aparıb, köhnə "Neftçi" bazada idman təlimatçısı vəzifəsini həvalə edib. 

“Hamını bir araya gətirən elə Ələddin imiş”
Yəqin ki, mərhumun xüsusiyyətlərini komanda yoldaşı olmuş Abdullayevdən yaxşı heç kim izah edə bilməz. Oqtay müəllim Ələkbərovun hər kəsdən fərqli olduğunu deyir: "Ələddin Ələkbərov dostluqda möhkəm, qızıl insan idi. Heç kimin pisliyindən danışmazdı, hamının yaxşılığını istəyərdi. Nədənsə, kimdənsə gileyləndiyi yadıma gəlmir. Onun xətrini böyükdən-kiçiyə hamı çox istəyirdi. Belə bir insanla tanış olduğum, dostluq etdiyim üçün çox xoşbəxtəm. Karyerasını bitirəndən sonra futboldan ayrı düşmüşdü. Amma sonra onu yanıma gətirdim. İnanırsınız, Ələddin gələndən sonra bütün veteranlar hər gün onun başına yığışırdılar. O rəhmətə gedəndən sonra hərə bir tərəfə dağıldı. Hamını bir araya gətirən elə Ələddin imiş. Ola bilsin ki, bizim hansısa mənfi xüsusiyyətimizdən danışanlar olub. Ancaq onun haqqında artıq-əskik söz deyən bir adam da tapa bilməzsiniz. O qədər ürəyiyumşaq, təmiz adam idi ki, hamıya inanırdı. Kim borca pul istəyirdi, dərhal çıxarıb verirdi. Sonra borc yiyələri qaytarmadılar, onun da maddi durumu pisləşdi. Bunu da heç kimə bildirmirdi. Hamısını sonradan öyrənmişəm".

Veteran futbolçu sabiq komanda yoldaşının tez-tez zədələnməsini əzələlərinin zəifliyi ilə əlaqələndirib: "Çox yaxşı, istedadlı futbolçu idi. Amma zədələr ona imkan vermədi. Əzələləri zəif idi, tez-tez əzələsi dartılırdı. Nə qədər üzərində çalışsa da, məşqlərdə canfəşanlıq etsə də, bu zədədən qaça bilmirdi".

“Həkimlərin səhvi səbəbindən rəhmətə getdi”
Ötən ilin iyul ayının 6-da vəfat edən Ələddin Ələkbərovun son günlərini də yada salan Oqtay Abdullayev hadisələrin çox qısa zaman kəsiyində, anidən baş verdiyini söyləyib: "Mənə zəng eləsəydi, bəlkə də, onu daha yaxşı xəstəxanaya aparardıq. Asif Əliyev də eyni duruma düşmüşdü. Amma Asif mənə zəng vurdu, vəziyyəti başa saldı. Dedilər ki, infarkt keçirib, bir saat ərzində ürəyindən açıq əməliyyat olunmasa, ölə bilər. Mən də AFFA ilə əlaqə saxladım, sağ olsunlar, dərhal lazım olan 8000 manat məbləğində pulu köçürdülər. Ələddinin də ürəyində eyni problem yaranmışdı, amma mənə zəng eləmədi. Bir klinikada ürəyinə stend qoymuşdular. Halbuki ürəyindən açıq əməliyyat edib, damarlarını dəyişməli idilər. Mən deyərdim ki, həkimlərin səhvi səbəbindən rəhmətə getdi. Əslində heç vaxt ürəyindən şikayətlənməmişdi. Tez-tez ayağının ağrıdığını deyirdi. Kaş həmin vaxt mənə zəng vuraydı. Elə bir insan idi ki, heç kimə ağız açmaq, əziyyət vermək istəmirdi. Gedişi də ani oldu".