12:24 06-02-2020
news_image
265
DİGƏR NÖVLƏR

AİJA ilk beynəlxalq mükafatını təqdim etdi – yubiley öncəsi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman jurnalistlərinin 83-cü Ümumdünya Konqresində Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov təşkilatın ilk beynəlxalq mükafatını - “Beynəlxalq İdman Media Mükafatını” Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) prezidenti, tanınmış jurnalist Cianni Merloya təqdim edib.

AİJA-dan apasport.az saytına verilən məlumata görə, “Beynəlxalq İdman Media Mükafatı”nın laureatı Cianni Merlo bu mükafata görə təşəkkürünü bildirib.

Bu il 25 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası “Milli İdman Media Mükafatı” və “Beynəlxalq İdman Media Mükafatı”nı təsis edib. AİJA “Milli İdman Media Mükafatı”nı hər il ölkə idmanının və Olimpiya Hərəkatının inkişafında, təbliğində seçilən qabaqcıl idman xadimlərinə, yaradıcı peşə sahiblərinə və sponsorlara, “Beynəlxalq İdman Media Mükafatı”nı isə dünya və qitə səviyyəsində fərqlənən şəxslərə təqdim edir (AZƏRTAC).