12:43 06-02-2020
news_image
360
AVRO-2020

BOS-un UEFA-nın baxışına ehtiyacı yoxdur: "Çadırların yerində fərqli məkanlar olacaq"

"Ötən il Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçirildiyindən, UEFA bura tam baxışını edib".

Bunu apasport.az saytına Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev deyib.

UEFA-nın bu həftə Rusiyanın Sankt-Peterburq şəhərindəki stadionuna yekun baxış keçirməsinə və müsbət qiymət verməsinə münasibət bildirən Qarayev BOS-un belə bir baxışa ehtiyacı olmadığını söyləyib: "UEFA bizim stadionu, məkanı yaxşı bilir. Bu səbəbdən Sankt-Peterburqla müqayisədə bizə yanaşma fərqlidir. Çünki Sankt-Peterburqdakı arena belə bir tədbir üçün yeni sayılır. Qitə futbol qurumu BOS-la bağlı yekun qərarını ötən ildən verib. İnfrastruktur üzrə hər şeydən razıdırlar".

Stadionun direktoru stadionun AVRO-2020-yə hazır olduğunu bildirib: "Stadionumuz Avropa çempionatına hazırdır. Bəzi xırda məsələlər var ki, onlar da qısa müddətdə həllini tapacaq. Avropa Liqasının final matçı zamanı çadırlar salınmışdı və onların altında xüsusi avadanlıqlar yerləşdirilmişdi. Artıq keçid məntəqələri inşa olunur, çadırların yerində bina formatında məkanlar olacaq. Gələn azarkeşlər üçün də tam fərqli şərait, giriş-çıxış nöqtələri yaradılacaq".

Cavid Qarayev həmçinin qitə birinciliyinə qədər BOS-un ot örtüyünü yoxlamaq məqsədilə qeyri-rəsmi oyun keçiriləcəyini istisna etməyib: "Rəsmi yox, milli komandanın hansısa yoldaşlıq görüşü burada keçirilə bilər. Bununla bağlı AFFA-dan daha dolğun məlumat verə bilər. Turnir öncəsi belə bir matçın keçirilməsi istisna deyil".

Qeyd edək ki, AVRO-2020-nin 4 matçı Bakıda baş tutacaq. Belə ki, A qrupunun Uels - İsveçrə (13 iyun), Türkiyə - Uels (17 iyun), İsveçrə - Türkiyə (21 iyun) oyunları, həmçinin 1/4 finalın bir görüşü Bakı Olimpiya Stadionunda oynanılacaq.