16:31 07-02-2020
news_image
678
FUTBOL

Nağıllar dünyası

Qış transfer dönəmi Azərbaycan futbolu üçün çox səmərəli keçdi. Növbəti dəfə bir neçə futbolçumuz ölkə xaricinə legioner həyatı yaşamağa yollandı.

Apasport.az saytının məlumatına görə, artıq legionerlərimizin sayını da itirmişik. Millimizə gətiriləcək yeni baş məşqçi ilə danışıq zamanı bu amil AFFA-nın əlini qüvvətləndirəcək. Çünki bu gedişlə Millətlər Liqasında Premyer Liqamızdan heç bir oyunçu dəvət almayacaq.

Qışda ölkə xaricinə oyunçu göndərmək məsələsində "Keşlə" xüsusi fəallığı ilə seçildi. Bu da təsadüfi deyil. Axı bakılılar ilk yarının sürpriz komandası idilər. Düzdür, Tərlan Əhmədovun kollektivi xeyli güc itirdi. Amma olsun, əsas odur ki, klub prezidenti Zaur Axundov bir neçə oyunçunu xaricə göndərməklə büdcəni xeyli genişləndirdi. Bu mövsüm yüksək səviyyəli oyunu ilə milliyə düşən Vüsal İsgəndərli iki ölkə arasında qalmışdı, yekunda Türkiyə variantını üstün tutdu. Elə "Keşlə"nin digər oyunçuları da qardaş ölkəyə üz tutdular. Bu baxımdan Tural Bayramlı daha şanslı çıxdı. Tərlan Əhmədovun müntəzəm meydana buraxdığı gənc yarımmüdafiəçiyə aşağı dəstə klubu "Adana Dəmirspor" maraq göstərsə də, onların heç bir şansı yox idi. Çünki Superliqanın liderləri "Sivasspor"la "Başakşəhər" Tural uğrunda bir-biri ilə yarışırdılar. İndi Bayramlının Superliqa çempionu olmaq şansı yaranıb. "Keşlə"nin lideri Sezar Meza Kolli nədənsə Türkiyənin aşağı liqasına yollandı, "Fatih Karagümrük" üçün.

Digər yarımmüdafiəçi Əfran İsmayılovu isə keçmiş baş məşqçisi Robert Prosineçki yanına apardı. Əfranla yanaşı, "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov da "Kayserispor"a yollandı. İndi onlar Prosineçki ilə əl-ələ verib, Kayseri klubunu Superliqada saxlamağa çalışmalıdırlar. "Neftçi" həmçinin müdafiəçisi Mamadu Mbodjun transferindən qazanc götürdü. “Jalgiris” və Kipr AEL-i onun uğrunda gərgin mübarizə apardılar.

Millimizin oyunçuları Təmkin Xəlilzadə ilə Ağabala Ramazanov "Şerif"lə Moldova çempionluğunu hədəfləyə bilərlər. "Sabah"ın digər müdafiəçisi Bəhlul Mustafazadə bir çox təkliflər alsa da, yekunda Ramat Qan "Hapoel"inə üstünlük verdi. "Səbail"dən qovulan Elvin Yunuszadə isə bakılıların acığına İspaniyada özünə komanda tapdı.

"Zirə"dəki çıxışı ilə diqqət çəkən Elvin Camalovun "Hatayspor"la anlaşması təəccüb doğurmaya bilməzdi. Çünki onun da digərləri kimi, Superliqaya getməsini gözləyirdik.

"Qarabağ" heyətinə yeni qatdığı Xayme Romeronu "Astana"ya satmaqla yaxşı pul qazandı. Qışın "bomba" transferi isə Mahir Emreli oldu. İstanbul nəhəngi Vedat Muriqi və Maks Kruzdan gözləniləni ala bilməyincə, hücum xəttindəki problemi yığmamızın üzvü ilə həll etdi. Bu keçid ölkəmizdə "Fənərbaxça" azarkeşlərinin sayını birə-beş artıracaq.

Bəli, sadaladığım bütün bu transferlər futbolçuların, menecerlərin planına görə baş tutmalı idi. Qış boyu bu cür xəbərləri eşitməkdən qulağımız mazol oldu. Amma nağıllar heç vaxt reallığı əks etdirmir, elə nağıl olaraq qalır. Kaş yuxarıdakı cümlələrimiz həqiqət olaydı, biz də onları bir qədər də bəzəyib fərəhlə dərc edəydik.

Bəs real həyatda necə oldu? Adıçəkilən futbolçuların heç biri Azərbaycanın hüdudlarından kənara çıxmadı. Nəinki ölkəni, heç Bakını tərk eləmədilər. Ağabala Ramazanov "Səbail"dən daha çox pula "Zirə"yə keçdi, Elvin Yunuszadə isə ispanlar bir tərəfə qalsın, heç Azərbaycan komandalarına lazım olmadı. Digərləri də elə komandalarında qaldılar.

Ən acı reallığı da deyək. Hansı ki, bu fakt Azərbaycan futbolçusunun “gücünü” növbəti dəfə ortaya qoyur. Lüksemburqun 18 yaşlı futbolçusu Rayan Yohansson bu qış "Sevilya" ilə 6 illik müqavilə imzaladı. Həmin "Sevilya" ki, bizim futbolçularımızın danışdıqları nağıllardakı komandaların səviyyəsi onun heç yarısı qədər deyil. Digər reallıq isə odur ki, ölkə xaricində olan-qalan legionerimiz də qayıtmağa hazırlaşır. Ramil Şeydayev Rusiyada hara getdisə, yarıda bilmədi, Emil Balayev isə siyasi məsələni ön planda tutub heç də pis çıxış etmədiyi "Tobol"dan ayrıldı. Hazırda hər ikisi klubsuzdur və Azərbaycana birdəfəlik dönmək üçün gün sayır.

Onlar gün saymaqlarında olsun, Azərbaycan futbolu da günü-günə satmaqda...