21:31 07-02-2020
news_image
108
FUTBOL

“7 dəqiqə artırılması çox idi” – Sopiç hakim qərarından narazı qaldı

“Sevinirəm ki, uzunmüddətli məğlubiyyət seriyasına son qoyduq. Oynamaq asan deyildi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.

O, Azərbaycan Premyer Liqasında XVI turunun “Qəbələ” ilə ev oyunundan sonra mətbuat konfransına qatılıb. Mütəxəssis 3:1 hesablı qələbə barədə fikirlərini açıqlayıb, həmçinin jurnalistlərin suallarını cavablandırıb: “Mənfi cəhət odur ki, “Qəbələ”nin ilk hücumundan sonra hesabda geri düşdük. Bütün futbolçuları təbrik edirəm. Çünki onlar geridönüş etmək üçün bacardıqları hər şeyi etdilər. Bizim üçün asan olmadı. Bu gün meydanda bəzi futbolçularımız komandaya gec qoşulublar. Amma mən inanıram ki, günbəgün daha yaxşı olacağıq”.

O, komandasının Azərbaycanda nadir müşahidə edilən sistemdən 2 hücumçu ilə çıxış etməsinə də münasibət bildirib: “Son 3 oyunda qol vura bilməmişdik. İndi iki mərkəz hücumçumuz var. Hər ikisi təcrübəli oyunçulardır. Amma hələlik tam hazır deyillər. Meydanda nə etməli olduqlarını bilirlər. Gələcəkdə 2 və ya 1 hücumçu ilə oynaya bilərik. Bu, futbolçuların hazırlıq səviyyəsindən asılıdır. Bir şeyi əlavə etmək istəyirəm”.

J.Sopiç oyunun ikinci hissəsinə 7 dəqiqə artırılmasından narazılığını gizlətməyib: “Hakimlər haqqında danışmağı sevmirəm. Amma “Real”ın “Real Sosyedad”la oyununa baxdım, 3 dəfə VAR-dan istifadə edildi, sonda cəmi 5 dəqiqə əlavə edilmişdi. Bu gün 7 dəqiqə artırılması çox idi. “Qəbələ”nin də, öz komandamın da futbolçularını təbrik edirəm. Hər iki tərəf əlindən gələnin 100 faizini meydanda qoydu”.