22:06 07-02-2020
news_image
85
FUTBOL

“Acınacaqlı məğlubiyyət aldıq” – Asif Məmmədov

“Kənardan baxanda da göründü ki, bu oyun uduzulası matç deyildi. Həddən artıq yaxşı oynadıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Asif Məmmədov deyib.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah”la səfərdəki görüşü barədə fikirlərini açıqlayıb. O, 2:3 hesablı məğlubiyyətin oyuna görə olmadığını bildirib: “Məncə şansımız gətirmədi. Mən məğlubiyyəti şanssızlıqla əlaqələndirərdim. Oyunla rəqibdən üstün olduq. Əsas da oyun deyil, hesabdır. Sonda məhz nəticəyə baxırlar. Acınacaqlı məğlubiyyət aldıq”.

“Qırmızı-qaralar”ın vitse-kapitanı yeni transferləri də dəyərləndirib: “Yeni transferlər təzə gəliblər. Bir az uyğunlaşmağa vaxt lazımdır. Növbəti matça qədər bir az vaxtımız var. Bu müddətdə daha yaxşı uyğunlaşıb, komandaya kömək edərlər. Onlar pis futbolçular deyil”.

Məmmədov komandanın cari mövsümdəki hədəflərindən də bəhs edib: “Mümkün qədər, bacardığımız kimi irəli getmək istəyirik. Son pillələrdən qurtulmaq niyyətindəyik. Kubok oyunlarımız da olacaq. Hər iki cəbhədə sonadək döyüşəcəyik. Sonuncu yerdə getmək istəmirik. Bu, psixoloji cəhətdən adamı ruhdan salır. Kubok matçlarına qədər irəli getməliyik ki, özünəinam artsın”.