23:43 07-02-2020
news_image
206
FUTBOL

Rahid Əmirquliyev: “... çətinlik çəkirik” - MÜSAHİBƏ

“Səbail”in futbolçusu Rahid Əmirquliyev Premyer Liqanın XVI turunda “Keşlə” ilə matçdan sonra brifinq keçirib. 

Apasport.az saytının məlumatına görə, komandasının kapitanı 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib, növbəti oyunlarda da bunu təkrarlamağa çalışacaqlarını deyib. 

- “Səbail”in qələbə qazanacağını çoxları gözləmirdi. Matçla bağlı nə deyə bilərsiz?
- Oyun ağır keçdi. Bilirdik ki, “Keşlə” “Neftçi” ilə ikinci yeri bölüşür. Yaxşı oyun nümayiş etdirirdilər. Amma biz də yaxşı hazırlaşmışdıq. Bundan öncə də yaxşı oyunlarımız olmuşdu, lakin qələbə qazana bilməmişdik. “Qarabağ” bizdən güclü idi. Ancaq onlarla matçda da pis oynamamışdıq. “Keşlə” ilə görüşdə isə layiqli qələbə qazandıq. 

- “Səbail”dən çox oyunçu getdi, yeniləri də gəldi. Komandanızın fasilədən sonra tam fərqli olacağını demək olarmı? Ümumiyyətlə hazırkı durumla bağlı nə deyə bilərsiz?
- Futbolçular dəyişdikdə biz də çətinlik çəkirik. Yenilərə öyrəşmək bir az vaxt alır. Buna baxmayaraq, yaxşı kollektiv yığmışıq. Bacardıqca yuxarı pillələrə qalxacağıq. Komanda ilə bağlı bizə də nəsə deməyiblər. Necə olacağını bilmirik. Ancaq çempionatı sonadək oynamalıyıq.

- Qələbə sayəsində sonuncu pilləni “Qəbələ”yə təhvil verdiz...
- Düzdür. Ancaq xal fərqi çox deyil. Növbəti turda “Qəbələ” ilə oynayacağıq. Çalışacağıq ki, evdə həmin oyunda da qələbə qazanıb, onlardan bir az aralanaq. 

- “Keşlə” ilə görüşdəki bu qələbə əlavə ruh yüksəkliyi ola bilərmi? Ötən il olduğu kimi avrokuboklara vəsiqə qazanmaq mümkündürmü?
- Avropa Liqası üçün xal fərqi bir az çoxdur. Ancaq hər şey ola bilər. Bu qələbə bizim üçün vacib idi. İnanırıq ki, bundan sonra komandanın durumu yaxşılaşacaq. Bütün oyunlarda yaxşı oynayıb, xallarımızı qazanmağa çalışacağıq.