23:53 07-02-2020
news_image
132
FUTBOL

Slavik Alxasov: “Qolu saymaq olardı” - MÜSAHİBƏ

“Keşlə”nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının XVI turunun “Səbail”lə oyunundan (0:1) jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin kapitanı oyun, yeni transferlər və sayılmayan qol barədə danışıb.

- “Keşlə” “Səbail”ə uduzdu. Bunu nə ilə əlaqələndirirsiniz?
- Oyunumuz alınmadı. Həm birinci, həm ikinci hissədə belə oldu. Biz oyuna belə hazırlaşmamışdıq. Bu futboldur. Hər şey yaxşılığa doğru gedəcək. Gələn oyunda çalışacağıq ki, qalib gələk.

- Bu matçadək “Səbail” sonuncu pillədə idi. Ola bilər ki, bu amil sizi arxayınlaşdırıb, rəqibə yuxarıdan aşağı baxmışınız?
- Arxayınçılıq yox idi. “Qəbələ”yə qarşı olduğu kimi hazırlaşmışdıq. Sadəcə oyun Qəbələdəki kimi alınmadı. İstədiyimiz hücumları qura bilmədik. Həm cinahlardan, həm mərkəzdən istədiyimizi edə bilmədik. Bundan əlavə, ilk yarıda bəxtimiz gətirmədi. İkinci hissədə rəqib bir az üstün oynadı və öz qollarını vurdu. Biz bundan dərs çıxarmalıyıq.

- Bu nəticədən sonra “Neftçi” “Qarabağ”dan xal alsa, sizi keçəcək. Demək olar ki, komandanız bu matçda Ağdam klubuna azarkeşlik edəcək?
- Mənim üçün fərqi yoxdur ki, kim udacaq. Bizim üçün əsas öz oyunumuzdur. Digər matçda isə istər “Qarabağ” udsun, istər “Neftçi”. Öz oyunlarımıza köklənməliyik və xal qazanmalıyıq ki, avrokuboklara vəsiqə qazanaq.

- Komandanın kapitanı kimi yeni transferlər sizi qane edirmi?
- Hələ ikinci oyundur. Ola bilər hələ tam açılışmayıblar. Bəlkə də az şans qazanırlar. Məncə, gələcəkdə bizə köməkləri dəyəcək, onlara inanıram.

- Yeni oyunçunuz Şahruh Qadoyev qol da vurdu. Lakin qol qeydə alınmadı. Bu epizod barədə nə düşünürsünüz?
- Həmin epizodu görə bilmədim. Çünki bir az uzaqda idim. Onun özündən soruşdum. Deyir ki, top çiyninə deyib. Amma hakim əllə oyun qeydə alıb. Hərçənd qolu saymaq olardı. Epizodun təkrarına baxandan sonra dəqiq demək olar ki, əllə oyun idi, yoxsa top çiyninə dəyib.