21:08 08-02-2020
news_image
216
FUTBOL

Aleksey İsayev: “Xahiş ediblər ki, yığma haqda danışmayım” - MÜSAHİBƏ

“Sumqayıt”ın futbolçusu Aleksey İsayev Azərbaycan Premyer Liqasının XVI turunun “Zirə” ilə oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, rusiyalı legioner qarşılaşma barədə və növbəti oyunlar haqda danışıb.

- “Zirə” ilə ev oyununda qalib gəldiniz. Matç barədə nə düşünürsünüz?
- Ağır oyun keçdi. “Zirə” yaxşı komandadır. Rəqibin ilk qırmızı vərəqəsindən sonra nisbətən asan oldu. Çünki say üstünlüyü qazandıq. Matçda qalib gəldik. Öz imkanlarımızın hamısından istifadə edə bilmədik. Hələ üzərimizdə çalışmalıyıq. Gündən-günə artıracağıq.

- Rəqib iki qırmızı vərəqə alanda qalib gələcəyinizə əminliyiniz artdı?
- Sevinirəm ki, qalib gəldik. Bu üç xalla 4-cü pilləyə yüksəldik. Oyundan-oyuna irəliləyəcəyik. Hər matça yalnız qələbə üçün çıxırıq. Başqa cür ola bilməz. Hər adam, idmançı qalib gəlmək istəyir. İstər fərdi olsun, istər komanda növündə olsun. Komandamıza görə şadam, hamını təbrik edirəm. Rəqibə uğurlar arzulayıram.

- Qələbənizdə ikinci qolunuz, yoxsa qırmızı vərəqələr hansı həlledici rol oynadı?
- Hansısa epizod həlledici deyildi. Biz qarşılaşmanın axarına tamamilə nəzarət edirdik. Qırmızı vərəqələrdən də əvvəl belə idi. Sadəcə bir az boşluq verdik, konsentrasiyanı itirdik. Bir hücumu buraxdıq ki, rəqib hesabı bərabərləşdirdi. Xəyal bu gün ən yaxşı idi. Heç nədən qol yaratdı, vurdu. Yaxşı futbolçu, yaxşı oğlandır. Onun rəqibi aldadaraq qol vurması dönüş nöqtəsi idi.

- Azərbaycan yığması barədə fikirləriniz maraqlıdır. Millidə oynamağınız mümkündürmü?
- Bu məsələni kənara qoyaq. Məndən xahiş ediblər ki, bu haqda danışmayım.

- Növbəti turda oynayacağımız “Sabah” dünən qalib gəlib. Bu rəqib barədə nə düşünürsüz? 
- Pis komanda yoxdur. Hamısı bərabər səviyyəli komandalardır. Hesab edirəm ki, yalnız “Qarabağ” istisnadır. “Sabah”a köklənib, hazırlaşacağıq. Altı günümüz var. Biz yalnız qələbəyə oynamaq üçün meydana çıxacağıq.

- Baş məşqçiniz Ayxan Abbasov mətbuat konfransında qol imkanlarından yaradıb, yararlana bilməməkdən şikayətlənib...
- Bunun üzərində işləməliyik. Hər məşqdə buna vaxt ayırmalıyıq. Çünki elə oyun olur ki, cəmi 1-2 imkan yaranar. Bundan da istifadə etməlisən. Bu gün daha çox imkanımız oldu ki, onlardan yararlanmadıq. Bunun üzərində çalışmaq lazımdır.