10:32 09-02-2020
news_image
337
FUTBOL

Gerye Bordinin "bostanına daş atdı": "İndi futbol oynayırıq" - MÜSAHİBƏ

"Neftçi"nin müdafiəçisi Vild-Donald Gerye Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran haitili futbolçu komandasından razılıq bildirib.

- Oyun istədiyiniz kimi keçdi?
- Yaxşı oyun oldu. Hər iki komanda çox yaxşı çıxış etdi. Həm "Qarabağ", həm də "Neftçi" sona kimi vuruşdu. Bizim üçün bu nəticə qənaətbəxş hesab oluna bilər. Çünki səfərdə oynayırdıq. "Neftçi" üçün 1 xal kifayət qədər yaxşı nəticədir.

- "Qarabağ"dan 8 xal geri qalırsınız. Düşünmürsünüz ki, hər keçən tur çempionluq şanslarınız bir qədər də azalır? "Neftçi" ikinciliklə barışıb?
- Bizim hədəfimiz var, ikinciliklə barışmırıq, bu yer bizim üçün deyil. Komanda bu gün bütün gücünü, ürəyini ortaya qoydu. Futbolda hər şey ola bilər. Düzdü, qarşıda çox oyun qalmayıb. Amma yenə də şanslarımız var.

- Matçdan sonra klub prezidenti Kamran Quliyev sizi qucaqladı, nəsə dedi. Nədən danışırdınız?
- Kamran müəllim dedi ki, çox yaxşı oynadın. Onu da bildirdi ki, inşallah, "Neftçi"də daimi qalacaqsan.

- Roberto Bordinin gedişindən sonra komandada nə dəyişib?
- İlk növbədə məşqlərimiz dəyişib. İndi daha çox topla oynayırıq, futbol oynayırıq. Bu, formada qalmağımıza kömək edir. Komanda özünü daha yaxşı hiss edir. Siz də görürsünüz ki, komanda meydanda daha sürətli və hərəkətlidir. Məşqlərdə taktikaya çox önəm veririk. Bu, oyunlarda da müsbət təsirini göstərir.

- Dediniz ki, hədəf çempionluqdur. Füzuli Məmmədovla bunu reallaşdırmaq mümkündürmü?
- Əlbəttə. Onun rəhbərliyi altında çempionluğa iddia edə bilərik. Füzuli Məmmədov geridə qalan iki oyunda, xüsusən də, taktiki baxımdan bizə çox şey öyrətdi. Öz təcrübəsindən istifadə edir. Taktikaya daha çox önəm verən məşqçilərdəndir.

- Belə bir fikir formalaşıb ki, "Qarabağ" Riçard Almeydanın dönəmindəki komanda deyil. Həmin komandanın sabiq oyunçusu kimi, bu fikirlə razısınız?
- Başqa komanda haqda danışmaq istəməzdim. Amma bu, "Qarabağ"dır, mənim keçmiş komandamdır. Almeyda "Qarabağ" üçün ən vacib oyunçulardan biri idi. Təbii ki, nəsə dəyişib. Ancaq onların Qurban Qurbanov kimi təcrübəli məşqçiləri, Rəşad Sadıqov kimi təcrübəli futbolçuları var. Onlar bu fərqi artıq hiss edirlər. Buna uyğun olaraq da tədbirlər görəcəklər.