22:43 10-02-2020
news_image
1182
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatı: 1 qızıl və 4 bürünc şansı - YENİLƏNİB

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından 3-ü yarımfinala yüksəlsə də, onlardan yalnız Sənan Süleymanov finala vəsiqə qazanıb. Həlledici görüşə yüksələ bilməyən iki təmsilçimizlə yanaşı, digər 2 güləşçimiz də bürünc medala iddia edəcəklər. 

Avropa çempionatı
Yunan-Roma güləşi
55 kq

Avropa və dünya çempionu Eldəniz Əzizli yarışa 1/4 finaldan başlayıb. O, yarımfinala vəsiqə uğrunda Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla güləşib. Rəqibinə aman verməyən Eldəniz 7:1 hesablı qələbə əldə edib. İdmançımızın yarımfinaldakı rəqibi isə Bolqarıstanın erməni əsilli güləşçisi Edmond Armen Nazaryan olub. Pəhləvanımız bu qarşılaşmaya uğurlu başlayıb. Lakin 5:0 hesabı ilə öndə olan Əzizli yekunda məğlubiyyətə üzülüb.

O, bürünc medal uğrunda mübarizə aparacaq. Təmsilçimizin rəqibi Snorre Harsem Lund (Norveç) və Covanni Freni (İtaliya) cütünün qalibi olacaq. 

63 kq
Ondan fərqli, Taleh Məmmədov çempionata 1/8 finaldan qoşulub. Təmsilçimiz ilk cəhdində İbrahim Labazanovla (Rusiya) qarşılaşıb və 0:8 hesabı ilə uduzub. Rəqibin finala vəsiqə qazanması həmyerlimizin "bürünc yolu"nu açıb. Məmmədov təsəlliverici görüşlərdə gücünü yoxlayacaq. Pəhləvanımızın rəqibi Erik Torba (Macarıstan) olacaq.

77 kq
Sənan Süleymanovun debütü təsnifat mərhələsinə təsadüf edib. Pəhləvanımız Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib - 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini "tuşe" ilə məğlub edib. Sənan yarımfinal mərhələsində ermənistanlı Karapet Çalyanı sınağa çəkib və bu dəfə də xalçadan qalib ayrılıb. Süleymanov 3:0 hesablı qələbəyə sevinib. 

İdmançımız çempionluq üçün macarıstanlı Zotlan Levayla güləşəcək. 

87 kq
İslam Abbasov da təsnifat mərhələsindən mübarizəyə başlayıb. Kiril Maskeviçi (Belarus) sınağa çəkən idmançı çətin qələbə qazanıb - 3:2. Onun 1/8 finaldakı qurbanı Marçin Arkadiuş olub. Polşa idmançısına 3:1 hesabı ilə qalib gələn İslam 1/4 finalda Mohammed Tariklə (Bolqarıstan) münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma həmyerlimiz üçün uğursuz başlasa da, yekunda mərhələ adlamağı bacarıb. 0:3 hesabı ilə geridə olan Abbasov ilk hissənin sonunda bolqarıstanlının kürəyini yerə sıxıb. O, yarımfinalda Macarıstan təmsilçisi Viktor Lorintzlə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

Abbasov bürünc medal üçün Mirko Minqutsi (İtaliya) - Eyvidas Stankeviçyus (Litva) cütünün qalibi ilə yarışacaq. 

130 kq
Komandamızın ən ağır çəkili güləşçisi Sabah Şəriəti 1/8 final çərçivəsində David Ovasapyanla qüvvəsini sınayıb. Ermənistan idmançısı üzərində 3:0 hesablı qələbə qazanan Şəriəti 1/4 finala adlayıb. Lakin o, uğurlu çıxışını burada davam etdirə bilməyib. Güləşçimiz rumıniyalı Aleksus Alinə məğlub olub - 2:3. Onun rəqibi finala vəsiqə qazandığından Şəriəti təsəlliverici görüşə qatılacaq. Güləşçimiz  Zurabi Gedexauri (Rusiya) ilə gücünü yoxlayacaq. 

Bu çəkilərdə təsəlliverici görüşlər sabah gündüz, medal qarşılaşmaları isə axşam seansında keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı fevralın 16-da başa çatacaq.