11:22 10-02-2020
news_image
749
FUTBOL

“Böyük oyun”un kölgəsi də olmayan derbi - qardaş görüşü

Premyer Liqanın XVI turunun son matçı mövsümün oyunu sayılırdı.

Apasport.az saytının məlumatına görə, çempionluğa oynayan iki komanda üz-üzə gəlirdi və hər iki tərəf, xüsusən də, “Neftçi” üçün həlledici görüş idi.

Ancaq 90 dəqiqə ərzində sərgilənən oyunda derbi ab-havasından əsər-əlamət yox idi. Halbuki “Qarabağ” qalib gəlməklə intriqanı “öldürə”, “Neftçi” isə qazanacağı 3 xalla yenidən ümidlənə bilərdi. Belə bir məqamda futbolçular gözlərində “alov” saçmalı, baxışları ilə rəqibə meydan oxumalı idilər. Necə ki, bir neçə il əvvəl “Neftçi” – “Xəzər Lənkəran” matçlarında olduğu kimi.

Yeri gəlmişkən, oyunöncəsi ən çox müzakirə olunan məsələ məhz “Böyük oyun”, yoxsa Azərbaycan derbisinin daha çox ajiotaj yaratması idi. Bir daha şahidi olduq ki, Azərbaycanın ən köklü iki klubunun üz-üzə gəlməsinə baxmayaraq, bu komandalar arasındakı oyunlar heç vaxt “Böyük oyun” atmosferinə çatmayacaq. Meydanda sanki iki rəqib yox, qardaş komandalar üz-üzə gəlirdilər. Futbolçular qarşılarındakı həmkarlarına o qədər böyük hörmətlə yanaşırdılar ki, topa toxunarkən belə, rəqiblərini incitməməyə çalışırdılar. Sanki derbi yox, yoxlama görüşünə çıxmışdılar, zədələnmək və zədələmək ehtimalından qorxurdular.

Baş məşqçilər hava şəraitinin oyuna təsirini qabartsalar da, bu, bəhanədən başqa bir şey deyil. Avropa meydanlarında güclü leysan altında, buz üstündə keyfiyyətli, yüksək templi oyunlara az tamaşa etməmişik. Ancaq fevralın 8-dəki mübarizə o şaxtada ad günü hədiyyəsi ümidi ilə tribunalara toplaşan “Forza Neftçi”, xəstələnməkdən belə qorxmayaraq çılğıncasına əyinlərini soyunan “İmarət” fan-klubuna layiq deyildi.

Azərbaycan derbisi ilə “Böyük oyun”a gələn azarkeşlərin müqayisəsi də yəqin ki, yersiz olar. “Neftçi” – “Xəzər Lənkəran” görüşlərində meydandakı “döyüş” qədər tribunalardakı atmacalar, çılğınlıq da diqqət mərkəzində olardı. Amma 2 gün öncə Tofiq Bəhramov adına Respublika Stadionunun cəmi 3 tribunasında azarkeşlər toplaşmışdılar. Oyuna cəlb edilən polis və əsgər sayı azarkeş sayından çox idi.

Əminliklə “Qarabağ” – “Neftçi” oyununu turun ən maraqsız matçı kimi qələmə vermək olar. Təkcə qol vurulmadığı üçün yox, qola cəhd belə olunmadığı üçün...