13:11 10-02-2020
news_image
4065
FUTBOL

Anatoli Ponomaryov: “Blatter və Platini oyunun gedişində məni işarə edərək...” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryovun apasport.az saytına müsahibəsi

- Müəyyən müddətdir sizdən xəbər yoxdur. Hazırda yenə futbol agenti kimi çalışırsız, yoxsa başqa işlə məşğulsuz? 
- Artıq futbol agenti işləmirəm. Düzdür, hazırda 2-3 gənc futbolçum var. Hansı ki, onlara əlimdən gələn köməkliyi göstərirəm. Amma belə, xeyr, futbolçu agenti kimi çalışmıram.

- Bəs nə ilə məşğulsuz?
- İndi əmlak alğı-satqısı ilə məşğul oluram. 

- Azərbaycana da uzun müddətdir ki, gəlmirsiz. Bu nə ilə əlaqədardır?
- Bilirsiz, işlərim çox olur. Ona görə Azərbaycana gəlmək üçün vaxtın olmur. Yoxsa, Bakıya gəlməyi çox istəyirdim. Atam bir müddət əvvəl "Sabah"da baş məşqçi idi. Təəssüf ki, komandada baş məşqçi kimi işinə davam etmədi. Amma istənilən halda, "Sabah"dadır. Çox istəyərdim ki, gedib atamın keçirdiyi məşqlərə, komandasını çıxardığı oyunlara baxım, klubla tanış olum. Atam baş məşqçi olanda Bakıya gəlməyi düşünürdüm. Sadəcə, alınmadı. Amma ola bilsin ki, dostlarımla yayda Bakıya gəldim.  Axı, Avropa çempionatının bir neçə oyunu elə Bakıdadır. Amma hamı deyir ki, şəhər çox dəyişib. Paytaxta səfər etmək maraqlı olardı. 

- Bəs Azərbaycan futbolu, çempionatı ilə maraqlanırsınız? Necə düşünürsünüz, ölkəmizdə futbolun səviyyəsi düşüb, yoxsa yüksəlib?
- Düzünü deyim, çoxdandır ki, Azərbaycan çempionatını izləmirdim. Amma atam "Sabah"da işləyəndən sonra baxmağa başladım. Azərbaycan çempionatının səviyyəsi düşdüyünü deməzdim. Düzdür, hazırda bir güclü komanda var, o da "Qarabağ"dır. Hansı ki, heyətində yaxşı futbolçular yer alıb,  klubda komplektləşmə var, onlara yaxşı baş məşqçi rəhbərlik edir. Onların səviyyəsinə daha bir klubun yüksəlməsi maraqlı olardı. 

- Azərbaycan millisinin də formasını geyinmisiniz. Yığmaya yeni gəldikdə yaxşı formadaydız və hamı sizdən çox şey gözləyirdi. Həmin illərinizi necə xatırlayırsınız? 
- Bəli, bir neçə il millidə oynadım. Həqiqətən məndən çox şey gözləyirdilər. Düşünürəm ki, Azərbaycan millisində yaxşı oyunlar keçirmişəm, çoxları məndən razı idi. O vaxtı bizim yaxşı baş məşqçimiz var idi. Karlos Alberto Torresi nəzərdə tuturam. O, mənə çox dəstək olurdu. Artıq dünyasını dəyişən braziliyalının futbola baxışı da mənə çox uyğun gəlirdi. Millidə çox yaxşı xatirələrim var. Maraqlı, xoş və yaddaqalan illər idi.

- Daha çox hansı oyunu yada salardız? Milli karyeranızın uğurlu alındığını düşünürsünüz?
- Əslində çox oyunu xatırlayıram. Millidəki ilk oyunum Özbəkistana qarşı, özü də yayda olmuşdu. Rəqibi məğlub etmişdik. Çox yaxşı oynamışdım. Xristo Stoiçkovun o vaxtlar baş məşqçisi olduğu Bolqarıstanı qarşı matçı da xatırlayıram. Stoiçkov futbolçu zamanında ideallarımdan biri olub. Oyundan sonra keçirilən mətbuat konfransında məni tərifləməsi həqiqətən xoş idi və indinin özündə də yadımda qalıb. Bakıda İngiltərə millisinə qarşı keçirilən görüş də yaddaqalandır. Oyundan bir gün sonra federasiyadan zəng edib, mənimlə fəxr etdiklərini bildirdilər. Yozef Blatter, Mişel Platini də oyunu izləyənlər arasındaydı. Oyunun gedişində məni işarə edərək, "10 nömrəniz yaxşı futbolçudur" demişdilər. Matçdan sonra Sven-Yoran Eriksenlə də maraqlı dialoqumuz oldu. Onlar Bakıda bizi 1:0 hesabı ilə məğlub etmişdi. Qarşılaşmadan sonra onu İsveç dilində təbrik etmişdim. O isə mənə ingiliscə cavab verərək təşəkkürünü bildirmişdi. Düzdür, öncə İsveç dilində onu təbrik etməyimə reaksiya vermədi, 10 metr gedəndən sonra arxaya döndü və təəccüblü şəkildə soruşdu ki, sən bizim dildə danışırsan? Mənim İsveç dilində danışmağım onu çox təəccübləndirmişdi. Sonradan mütəxəssislə ayaqüstü bir az söhbət etdik. Mənimlə maraqlanması çox xoş idi. Harada oynamağım, İsveçdə hansı şəhərdə böyüyüb-başa çatmağım, Azərbaycan millisinə necə cəlb olunmağım onun üçün maraqlı idi. Danışdıq və verdiyi sualları cavabladım, maraqlı dialoqumuz alınmışdı. Bir sözlə, Azərbaycan millisində oynadığım dövrdə yaxşı mənada xatırlayacağım çox şeylər var.

- Azərbaycan yığması hazırda çox zəif təsir bağışlayır. Komanda son tsikldə cəmi bir xal toplaya bildi. Belə zəifliyi nə ilə əlaqələndirərdiz?
- İnanın bilmirəm, bu suala cavab vermək mənim üçün çətindir. Atamı dəvət etsinlər, yenə yaxşı olacaq (gülür). Təbii ki, bu, zarafat. Amma doğurdan nəyə görə belə olduğunu bilmirəm. 

- Hərdən bəzi azarkeşlər millimizin baş məşqçi postuna yerlilərdən atanızın da namizədliyini irəli sürür. İqor Ponomaryov millimizə kömək ola bilər?
- O, Azərbaycan futbolunda ən böyük adlardan biridir. Üstəlik, hər zaman həm millidə, həm "Qarabağ"da, həm də "Sabah"da yaxşı nəticələr verib. Yəni atam hər zaman baş məşqçi kimi uğurlu nəticələr qazandırıb. Karyeramda çox çalışdırıcılarla işləmişəm. Atam olduğuna görə demirəm, amma karyeramdakı 2-3 ən güclü məşqçidən biridir. Futbol yanaşmasını, biliyini, taktiki gedişlərini nəzərdə tuturam.

- Mütəxəssislər azərbaycanlı futbolçuları legioner həyatı yaşamaq istəməməsinə görə qınayırlar. Necə düşünürsünüz, təmsilçilərimizin bunu istəməməsinin əsas səbəbi nədir?
- Əgər böyük və yaxşı klublardan maraq olsaydı, məncə, azərbaycanlı futbolçular da gedib oynayardı. Çünki yaxşı çempionatlarda oynamaq arzusu hər bir futbolçunun arzusudur. Məncə, futbolçularımızın da xaricə yollanmaq vaxtı gələcək.